Ermənistan əmin oldu ! – “Azərbaycanla açıq döyüşdə böyük faciə ilə üzləşəcəklər”

“Azərbaycan tərəfinin cəbhə xətti boyunca keçirdiyi genişmiqyaslı hərbi təlimlər düşməni qorxuya salıb”


"Düşünürəm ki, işğalçı ölkənin ordu birləşmələrinin diversiya-kəşfiyyat qrupu vasitəsilə mövqelərimizdə növbəti təxribat törətmələrinin əsas səbəbi 12 iyul hadisələri və onun nəticələri ilə bağlıdır. Çünki, həmin tarixdə Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi təxribat xarakterli addımdan sonra şiddətli müqavimətlə üzləşmələri və ölkə başçımızın da dediyi kimi, bir santimetr də olsa, ərazilərimizə girə bilməmələri nəticəsində ordumuzun gücünə bir daha əmin oldular". 

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. 

O bildirib ki, Ermənistan bir daha əmin oldu ki, açıq döyüşdə Azərbaycan ordusu ilə mübarizədə nəinki heç bir uğur əldə edə bilməzlər, əksinə bu onlar üçün çox böyük faciə və itkilərlə nəticələnəcək:"Artıq Ermənistan açıq şəkildə təxribat törətmək, mövqelərimizi atəşə tutmaq taktikasını dəyişib. Onlar diversiya-kəşfiyyat qrupları vasitəsi ilə gizli şəkildə irəliləmək qərarına gəliblər.

Ancaq bu cəhdləri də, ordumuzun ayıq-sayıqlığı nəticəsində ciddi uğursuzluqla nəticələndi. Eyni zamanda da, son dövrlərdə Azərbaycan tərəfinin cəbhə xətti boyunca keçirdiyi genişmiqyaslı hərbi təlimlər onları ciddi şəkildə qorxuya saldığından, bu məqamda açıq şəkildə atəşkəsi pozmağa cürət edə bilmirlər.

Ümumiyyətlə, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin əsas tərkib hissəsi kimi bu cür təxribat xarakterli addımları, bir daha onların münaqişəni danışıqlar yolu ilə həll etmək və sülh əldə etmək prosesinə xəyanətindən xəbər verir.

Çünki Ermənistan tərəfinin, sülh danışıqlarında Azərbaycanın münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli prinsipindən geri çəkilməyəcəyini və beynəlxalq hüquq normalarının da bunu diktə etdiyini bildiyi üçün, hər vəchlə bu prosesdən yayınmağa çalışır.

Ancaq qarşı tərəf, bununla yanaşı, münaqişənin həllinin digər variantı kimi açıq müharibədən qorxur və boyun qaçırır. Məhz bu səbəblərdəndir ki, illər boyu Azərbaycan tərəfinin qəti mövqe sərgiləməsinə rəğmən, işğalçı Ermənistanın heç bir konkret mövqeyini müşahidə edə bilmirik".

X.Bəşirov vurğulayıb ki, sosial-iqtisadi böhran yaşayan işğalçı dövlətin rəhbərliyi yenə də, diqqətləri yayındırmaq, cəmiyyəti aldatmaq və ənənəvi qaydada “Dağlıq Qarabağ kartı”ndan istifadə etmək yolunu davam etdirir: 

"Paşinyan höküməti bütün bunların heç bir nəticə verməyəcəyini və tezliklə ölkədəki sosial-iqtisadi böhran vəziyyətinin ciddi siyasi böhranla əvəz olunacağını da yaxşı anlayır.

Ancaq “ümid sonda ölər” düşüncəsi ilə  hərəkət edib hər an, möcüzənin baş verəcəyi ümidi ilə yaşayırlar. Hər bir halda, düşünürəm ki, Ermənistan tərəfi özünün uzun illər boyu davam edən davranışları ilə, danışıqlar aparmaq, sülh prosesinə sadiq qalmaq xarakterinə malik olmadığını zaman zaman nümayiş etdirmişdir.

Bu səbədən də, həmişə gücə boyun əymiş və güclüyə xidmət etmiş qarşı tərəflə güc dilində danışmağın və hücuma, ümummilli lidermizi Heydər Əliyevin də dediyi kimi, ən yaxşı müdafiə forması olan, hücumla cavab verməyin yeganə doğru yol olduğunu hesab edirəm".