SOS ! - "QİÇS genefondumuza TƏHLÜKƏDİR" – Gənclərin müayinəsi zəruridir ! 

“Nikaha daxil olmaq istəyən şəxslər müayinədən keçməlidirlər”

“Evlənən cütlüklərdən törəyən uşaqlarda da problemlərin yaranmaması baxımından müayinələrin keçirilməsi vacibdir”


Beş ildə evlənmək istəyən 675 nəfərdə QİÇS aşkarlanıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, 5 il ərzində ümumillikdə 679308 müayinə aparılıb. 23 min 283 nəfərdə talassemiya, 2364-də sifilis aşkarlanıb. 2015-ci ildən indiyə kimi 252 cütlüyün hər ikisində QİÇS daşıyıcılığı olub. Nikahdan öncə cütlüklərin tibbi müayinələrdən keçməsi vacib məqamdır. Təəssüf ki, bu müayinələrə əhəmiyyət verməyənlər də var. Cütlüklərin bir qismi evlənmədən öncə qan analizi vermirlər. Nəticədə bir çox xoşagəlməz halların yaşanması qaçılmaz olur.



Həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında QİÇS-in gələcək nəslin sağlamlığına böyük təhlükə yarada biləcəyini deyib.
Onun sözlərinə görə, bu xəstəliklər insanın bütün orqanizm sistemlərinə təsir göstərir:

“Xüsusilə son illərdə nikaha daxil olan zaman müayinələrdə xəstəliklər ortaya çıxır. Azərbaycanda milli adət-ənənələrinə uyğun olaraq övladları evlənən valideynlər və ailələr bu mövzuları açmaqdan ehtiyat edirdilər. Bu baxımdan dövlət qanuni olaraq qayda qoydu ki, nikaha daxil olmaq istəyən şəxslər müayinədən keçməlidirlər. Bu, olduqca müsbət haldır. Avropa ölkələrində olduğu kimi bu məsələ bizdə də öz həllini tapdı”.

Ş.Namazlı qeyd edib ki, evlənən cütlüklərdən törəyən uşaqlarda da problemlərin yaranmaması baxımından müayinələrin keçirilməsi vacibdir:

“Düzdür, ailə iki şəxs arasında qurulur. Amma onların dünyaya gətirdiyi övladların sağlam olması vacibdir. Yəni nikah öncəsi müayinələrin aparılması genefondumuzun sağlamlığı üçün əsasdır. Hazırda bu müayinələrin keçirilməməsi sosial problemlərdən biri sayılır. Ona görə nikaha daxil olan şəxslər məsuliyyətli olmalıdır”.