Hələ tezdir...! - Toylara icazə verilsə, qaydalar unudulacaq

Məclislərdə cəmi 50 nəfərin belə iştirak etməsi kifayət edir ki, bu virusa xeyli adam yoluxsun 

Bu da hüquqi qaydada tənzimlənsə, o zaman insanların toyuna qan-qaraçılıq düşəcək


Şadlıq evlərinin fəaliyyəti ictimai iaşə və xidmət sektorunda kifayət qədər əhəmiyyətlidir. Şadlıq evlərinin fəaliyyətinin həm də məşğulluğun təmin edilməsi baxımından da təsirləri var. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, şadlıq evlərinin fəaliyyəti yalnız həmin obyektlərdə deyil, digər sektorlarda çalışanların məşğulluğuna və dövriyəsinə təsir edir:

"Çünki şadlıq evlərinin fəaliyyəti ərzağa tələbat yaradır, eyni zamanda digər xidmət sektorlarında çalışanların əməyindən istifadə olunur. Nəzərə alsaq ki, pandemiyanın hələ nə zaman bitəcəyi bəlli deyil, yaxşı olardı ki, şadlıq evlərinin fəaliyyəti üçün meyarlar müəyyənləşsin və həmin meyarlar çərçivəsində şadlıq evlərinin fəaliyyətinə icazə verilsin. Bu, mərhələli şəkildə, insanların sayı, şadlıq saraylarında masalar arasında məsafənin gözlənməsi, eləcə də digər meyarların müəyyənləşdirilməsi ilə mümkündür".

Məsələ ilə bağlı fikirlərini "Şərq"ə dəyərləndirən iqtisadçı Əkrəm Həsənov bildirib ki, şadlıq saraylarının bərpası zamanı bir çox meyarlara diqqət edilməlidir. Ekspert bildirib ki, bugünkü gündə əsas məsələ koronavirusun insanlar arasında kütləvi şəkildə yayılmamasından gedir:

"Şadlıq sarayları açılan zaman toy məclislərində cəmi 50 nəfərin belə iştirak etməsi kifayət edir ki, bu virusa xeyli adam yoluxsun. Digər tərəfdən isə buna nəzarət etmək çətin olacaq. Çünki kim zəmanət verə bilər ki, toyda 50-dən çox insan iştirak etməyəcək? Yəni istər 50, istərsə də toyda 100 adam iştirak etsin, qoyulan qaydalar birmənalı şəkildə pozulacaq.

Bu, hüquqi qaydada tənzimlənsə, o zaman insanların toyuna qan-qaraçılıq düşəcək. Digər məsələ isə vaxt meyarıdır. Çoxları düşünür ki, şadlıq saraylarında toy məclisləri təşkil edilərkən, vaxt məhdudiyyəti qoyulsun. Sizcə, bu, düzgün addımdırmı? Virusa məgər insanlar saatla tutulur? Təbii ki, bu meyarları düzgün hesab etmirəm".

Ə.Həsənov əksər insanların artıq karantin qaydalarına əməl etmədiyini də vurğulayıb:

"İnsanlar qoruyucu maskalardan istifadə etmirlər, ya da ümumiyyətlə, istifadəsi azalıb. Yəni vəziyyət əvvəlki kimi deyil. Başqa bir məsələyə də diqqət çəkmək istəyirəm. İnsanların şəhərdən kənardan çıxışına qadağan qoyulub. Amma hamımız yaxşı bilirik ki, bu məhdudiyyətlərə də məhəl qoyulmur. İstəyən çıxış yolu tapıb gedir.

Əgər Azərbaycanda virusa yoluxma halları çox deyilsə, hesab edirəm ki, şadlıq sarayları fəaliyyətə başlamalıdır. Bu yaxınlarda bir toy ictimailəşdi, amma nəzərə almaq lazımdır ki, kampaniya şəklində təşkil edilən məclislər də hazırda olur. Düşünürəm ki, ad günlərinə, başqa mərasimlərə deyil, yalnız toylara icazə verilməlidir. Son zamanlar pandemiya səbəbindən nişanlı gənclərimiz arasında söz-söhbətlər çox olur. Ayrılıqlar niyə olsun ki?".

Şadlıq saraylarının açılmamasının təkcə sahibkarlara deyil, buradan evinə çörək aparan onlarla işçini də çətin vəziyyətdə qoyduğuna diqqət çəkən ekspert hesab edir ki, toylara icazə verilsə yaxşı olar:

"Nəzərə alsaq ki, bu müəssisələrdə çalışanların əksəriyyəti muzdlu işçi sayılır, ona görə də həmin şəxslər artıq aylardır ki, maaş ala bilmirlər. Ümid edək ki, bu müvəqqəti problemlərin tez bir zamanda həllinə nail olacağıq".