Mübarizə getdikcə qızışır

ABŞ-da prezidentliyə namizədlər yenə də böyük vədlər verməyə başlayıblar

ABŞ-da Respublikaçılar Partiyası rəsmi olaraq Donald Trampı ikinci prezidentlik müddəti üçün namizəd kimi təsdiqləyib. Bununla bağlı qurultayın səsverməsi canlı olaraq keçirilib. Tramp namizədliyini irəli sürmək üçün lazımi sayda - 1276 nümayəndənin səsini toplayıb.

Bununla belə, bu, formal xarakter daşıyır, çünki Tramp ciddi rəqabət olmadığı təqdirdə bütün praymerizlərdə qalib gəlib və bir səs istisna olmaqla, partiya qurultayının hamısında 2,4 min səs toplayıb.
Respublikaçılar noyabrda keçiriləcək prezident seçkilərində Maykl Pensin vitse-prezident vəzifəsinə namizədliyini də təsdiq ediblər.

Məlumat üçün bildirək ki, Demokratlar Partiyasının namizədi Co Bayden noyabrın 3-də keçiriləcək seçkilərdə hazırkı prezidentin rəqibi olacaq. Artıq hər iki namizəd tərəfdarlarına müxtəlif vədlər verməyə başlayıblar. Co Bayden bildirib ki, prezident seçiləcəyi təqdirdə ildə 400 min dollardan çox pul qazanan şəxslərin vergilərini qaldırmağı planlaşdırır, lakin bundan az qazananlardan heç bir yeni vergi alınmayacaq. 



Amerikada prezident seçkisi öncəsi yaşanan prosesləri “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, hər seçki qabağı prezidentliyə namizədlər böyük vədlər verirlər. Ekspertin sözlərinə görə, hər namizəd öncə qondarma erməni “soyqırımını” tanıyacağını bəyan edir ki, bu sayədə erməni lobbisinin dəstəyini ala bilsin. Amma prezident seçiləndə “soyqırım” məsələsi yaddan çıxır:

“Sabiq prezident Barak Obama seçiləcəyi təqdirdə Quantanamo və digər işgəncə mərkəzlərinə çevrilmiş həbsxanaları bağlayacağını demişdi, amma vədini yerinə yetirmədi.

Co Baydenin öz vədlərini yerinə yetirəcəyi də bəlli deyil. Digər tərəfdən sərt karantin kimi vədlər onun xeyrinə yox, əleyhinə də işləyə bilər. Düzdür, sorğularda Bayden irəlidə görünür, lakin Tramp aradakı fərqi azaltmaqdadır.

O ki qaldı “varlıların daha çox vergi ödəməsi”nə, Fransada belə bir qanun var. Amma Amerikada kapitalist dəyərlər çox güclüdür. Baydenin “varlılar daha çox vergi verəcək” vədi sosialist yanaşmadır.

Bu da Demokratların sol ideologiyaya yaxınlığı ilə bağlıdır. Reallaşması heç də asan olmayan bu vədlərin amerikalılar arasında nə qədər rəğbət görəcəyi məlum deyil. Çox böyük ehtimal yenə də Donald Tramp prezident seçiləcək”.