Mediada vəsiqə dəllallığı ! - İndi də “Press taksi”lər meydana çıxdı: “"Yol xəritəsi” hazırlanmalıdır”

Elçin Şıxlı: “Cəmiyyətin mətbuata olan münasibəti oyuncağa olan münasibət kimi olmamalıdır"

"Bunun üçün isə vahid bir proqram hazırlanmalıdır”

Sevinc Telmanqızı: “Bir taksi sürücüsü niyə maşınına “Press” yazıb, sürsün ki?”



Nəzəriyyəçilər peşəkar mətbuatı bütöv bir ictimai-siyasi institut adlandırır, canlı orqanizmlə müqayisə edirlər. Təəssüf ki, bu canlı orqanizmə düşərək öz fəaliyyətlərilə onu içəridən məhv edən viruslar, parazitlər də var - reketçilər. Əlbəttə, birbaşa məqsədləri bu deyil. Sadəcə, mahiyyətləri, fəlsəfələri bundan ibarətdir. Fəqət arzu, vasitə məqsədə haqq qazandırmır axı. Qazandırmamalıdır da.

Məhz reketçilərin, bütöv bir redaksiyanı kiçicik noutbuka, hətta smarfona yerləşdirənlərin, qələmləri ilə yox, vəsiqələri ilə öyünənlərin “əməyi” (bu sözü dırnaqda yazmaya bilməzdim) nəticəsində “Dördüncü hakimiyyət” lap ucuzlaşır, professional jurnalistin nəinki qələmi, sözü, özü də qiymətdən düşür. İqtisadi dillə desək, əgər belə davam etsə, bir azdan üzən məzənnəyə də keçə bilərik...

Yuxarıdakı iki abzasda qələmimin ucunu bacardığım qədər iti eləməyimin səbəbi  “Yeni Müsavat” media holdinqin əməkdaşı, həmkarımız Sevinc Telmanqızının “Facebook” hesabında paylaşdığı təqdim etdiyimiz bu foto və yazdığı sözlərdir. Sevinc xanım hamımızın adından sual verir:

“Bir taksi sürücüsü niyə maşınına Press yazıb, sürsün ki?”. Heç kəsi, heç bir peşəni alçaltmaq niyyətimiz yoxdur. Amma həqiqətən də, nəyə görə hərə öz işi məşğul olmasın ki?
 Jurnalistin paylaşımını istifadəçilər maraqla və həssaslıqla qarşılayıblar. Məsələn, Aslan Cəfərov yazıb: 

“Yəqin, reklam edir”. Bir başqası fikirlərini “Press bir xilasedici” sözləri ilə ifadə edib.
Malik Azad Rzazadə rəyi ilə məqsədi aydınlaşdırmağa çalışıb:

“Bağda yaşayan da bir qonşum camış saxlayırdı əldən çıxmış "QAZ-31"in arxası və önünə "PRESS" yazılmışdı deyirdi belə olanda yol polisi saxlamır” (mətni yazıldığı kimi dərc etmişik). Çox uzatmayaq...

Görünür, bəzi ünsürlər nəinki çörəkçiyə bir çörək də vermir, hətta əlində-ovcunda olana da göz dikirlər.



 “Sherg.az” olaraq jurnalistikanın bütün prinsiplərinə cavab verən bir media kollektivi kimi bizi də narahat edən bu məqamla bağlı “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının fikirlərini öyrəndik. O, sözügedən neqativ hadisələrin qarşısını almaq naminə ciddi işlərə ehtiyac olduğunu düşünür: 

“Konkret hadisədə taksi sürücüsünü cəzalandırmaq, “Press”i onun əlindən almaq çıxış yolu kimi görünə bilər. Ancaq problem daha dərindir. Mətbuatı oyuncağa çevirməkdən çıxarmaq lazımdır.

Cəmiyyətin mətbuata olan münasibəti oyuncağa olan münasibət kimi olmamalıdır. Bunun üçün isə vahid bir proqram hazırlanmalıdır. Əfsus ki, ənənəvi mətbuat öz mövqeyini əldən verib, sosial mediaya uduzur. Nəticədə insanlar peşəkar mətbuata yox, qeyri-media nümayəndələrinə inanırlar.



Çünki KİV-ə etibar itib. İtirilən dəyəri mətbuatın özünə qaytarmaq məqsədilə ciddi işlər görülməli, “yol xəritəsi” hazırlanmalı, sözün əsl mənasında zəhmət çəkilməlidir. Əlbəttə, görüləcək ilk işlərdən biri medianın özü-özünü dolandıra bilməsinə şərait yaratmaqdır.

Belədə fikri sərbəst ifadə etmək də mümkün olacaq. Əks halda isə heç nə mümkün deyil. Əslində mətbuatın inkişafına təkan verə biləcək müəyyən amillər var idi, ancaq əldən verdik”.