Aşıq Zülfiyyə hiddətləndi: "Sazı ələ salanları Allah bağışlamaz"

"Çox istərdim ki, dastan axşamlarımız, sazlı-sözlü məclislərimiz geri qayıtsın ki, gənclərimiz də baxsın, örnək alsın"


İllər keçdikcə adət-ənənələrimiz, milli dəyərlərimiz unudulur, onların yerini müasir məşğuliyyətlər, texnoloji maraqlar alır. Nəticədə insanoğlu özündən sonraya  ulularından qalmış mirası ötürə bilmir.

Məsələn, onlardan biri də  qədim tarixli musiqi alətimiz  saz deyilmi? Əfsuslar olsun ki,   sazın və aşıq sənətinin günümüzdəki  vəziyyəti acınacaqlıdır. Bir neçə incəsənət növünü özündə birləşdirən  əvəzolunmaz, əsrarəngiz  sənətin indiki durumu insanı düşünməyə vadar edir. 

Görəsən, hələ Dədə Qorquddan, Koroğludan, Qurbanidən, Tufarqanlıdan, Aşıq Ələsgərdən, nəhayət, Dədə Ədalətdən oxuyub, eşidib bildiyimiz sazı  dəhşətli hala  kimlər saldı?

Əlbəttə, günahkar çoxdur.  Sazı  boynunun arxasına çıxardıb  şou yaradanlar, əyyaş şəkildə meyxanələrdə  rəqqasə qarşısında qutsal musiqi alətini alçadanlar, özlərini mahir sənətkar adlandırdıqları sənətdən  heç bir anlayışı olmayan manıslar və sair.   Ən gülməlisi də odur ki, onların hər biri özünü  aşıq sənətinin layiqli davamçısı   kimi  görür. Elə bu məqamda  Mikayıl Müşfiqin
 “Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!” misrası yada düşür.

Həmin səbəblərə görə onsuz da kövrək olan sazın boynu bükülür, zərif simləri qan ağlayır.   Sazı kökdən salan “aşıq”ların  ucbatından dövrün yaxşıları da görməzdən gəlinir. Nəticə də aşıq sənəti unudulur...

Bu barədə “Sherg.az”a danışan tanınmış aşıq Zülfiyyə İbadova deyib ki, günah sazı pis günə salanlardan çox onları üzə çıxarıb dəyər verənlərdədir:

“Ona görə ki,  görürlər maraq var, özlərini meymunluğa qoyurlar. Qıraqdan fit verirlər, cibinə pul basırlar ki, həmin hərəkətləri daha çox eləsin.  Onu  bilirəm ki, sazı ürəyin üstündə çalarlar, nəinki stolun üstə qoyasan və sair hərəkətlər edəsən.  Əlbəttə, belə şeylər qınaq obyektinə çevrilib. Olmamalıdır. Bir də onu deyim ki, əvvəllər televiziyada hər həftənin dördüncü günü  dastan axşamları yayımlanırdı. 

Balaca uşaq idim, həvəslə o günü gözləyirdim.  Fikirləşirdim ki,  görəsən, bu gün aşıq hansı dastanı danışacaq. Əfsuslar olsun ki, indi o  qədər bayağı verilişlər  var ki,  bütün folklorumuzu, milli adət-ənənələrimizi  qoruyan o dastanların hamısı arxa planda qalıb. Onları üzə çıxarmaq lazımdır.  Cavanlarımıza bütün bunların aşılanması yolunda efirlərin böyük rolu olmalıdır.  Biz görürdük, yaddaşımıza elə həkk olunurdu. İndiki  gənclər görmür deyə həmin vəziyyətə gəlib çıxır”.

Sazı  məsxərəyə qoyan insanlara da diqqət çəkən Zülfiyyə xanım qeyd edib ki, bu musiqi aləti bizə  Dədə Qoruqddan yadigardır, onu ələ salanları Allah bağışlamaz:

“Saz mənim üçün  müqəddəsdir. O, təkbaşına  böyük orkestri əvəz edir. Milli soyumuz-kökümüzdür, ona kəm baxanın gözlərinə qan damar.  Geci, tezi var. Bildirmək istəyirəm ki, kaş sizin düşüncədə, fikirdə jurnalistlərin sayı televiziyalarda çox olsun.  Dastan axşamlarımız, sazlı-sözlü məclislərimiz geri qayıtsın ki,  gənclərimiz də    baxsın, örnək alsın”.