“Xarici ölkələrin konsert zallarına həsəd aparırdıq, amma..."

“Artıq  elə muğam mərkəzimiz var ki,  indi onlar bizə  həsrətlə baxır”


Azərbaycanı  dünyada tanıdan,  bənzərsiz mədəniyyətini nümayiş etdirən milli sərvətlərindən biri, bəlkə də birincisi muğamdır. Böyükdən-kiçiyə hər birimizin qanına, canına hopmuş muğam millətimizə xas sənət incisidir.  Dinləyəndə  insanı düşündürən, zövqün və kədərin dərinliklərində  gəzdirən  bu incəsənət xəzinəsi Vətənimizin ayrılmaz parçasıdır. Tarixən  enişli-yoxuşlu yollardan keçsə də, Azərbaycan xalqı muğam irsini qoruyub saxlamağı bacarıb. Dövr dəyişdikcə mənbəyini itirən sənət növlərindən fərqli olaraq milli muğam ifaçılğı müstəqil və müasir Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünya auditoriyasına çıxıb.   
 
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. 

Bu  günlə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən tanınmış xanəndə, Əməkdar artist Təyyar Bayramov muğamın inkişafından, hazırkı durumundan danışıb:

“Muğam bizim milli sərvətimizdir. Ona görə də belə bir günün   elan olunması muğamsevərləri və  təbliğ edənləri  çox sevindirdi.  Muğam ifaçıları olaraq bu gün təbriklər alırıq. Hər ölkənin öz musiqisi var.  Biz də muğamla bağlı daim tədbirlərdə, qastrol səfərlərində olmuşuq.   Xalqımızı, mədəniyyətimizi təbliğ eləmişik.

Fəxr edirəm ki,   Azərbaycan mədəniyyətinin xalqının, qanında, canında olan bu janrın ifaçısıyam.  Bir də ki, hazırda muğama verilən dəyər, digər ölkələrin   musiqilərinə göstərilmir.

Məsələn, həmişə xarici  ölkələrin konsert zallarına həsəd apararaq baxırdıq. Artıq  elə muğam mərkəzimiz var ki,  indi onlar bizə  həsrətlə baxır. Dövlətimiz tərəfindən musiqimizə xidmət edən Milli Konservatoriya ərmağan olunub.

Orda da muğamımızın təbliği yüksək səviyyədə təşkil olunub. Bundan əlavə  Heydər Əliyev Fondunun dəstəyi  nəticəsində respublika muğam müsabiqələri keçirilib.

Onun əsasında gözəl sənətkarlar, xanəndələr meydana gəlib. Onlardan  da 10-a yaxın fəxri ad alan var. Bu da təbii ki, muğamımızın və ona  yönələn siyasətin uğurudur, bəhrəsidir.  Alqışalayiq işdir.”