“Məmurlar davranışlarına çəki-düzən verməlidirlər” – Kobud rəftarın acı sonu...

“Etik davranış qaydaları dedikdə dövlət qulluğu prosesində, iş yerində nümunəvi davranış nəzərdə tutulur”

“Kadr islahatları ilə bağlı icra başçılarının həbsi də bunu göstərir”

“Bəzən elə düşünürlər ki, bu islahatlar kampaniya xarakterlidir. Hesab edirəm ki, əməliyyatlar sistemli xarakter daşıyır”


Nərimanov rayon prokurorunun köməkçisi xidmətdən azad edilib. Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiyi məlum olub. Bununla bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən informasiyalar paylaşılıb.

Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində müvafiq yoxlama aparılıb. Ə.Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozduğu bəlli olub. Prokuror köməkçisinin nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi müəyyən edilib.

Nəticədə onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı baş prokurora təqdimatla müraciət olunub. Baş prokuror Kamran Əliyevin əmri ilə Ə.Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Dövlət orqanlarında çalışan kadrların etik davranış kodekslərinə əməl edib-etməmələri hər zaman diqqət mərkəzində olub. Bu məqam qanunvericilikdə də öz əksini tapıb. Ona görə də  davranışlarında mənfi hala yol verən, etik qaydalardan kənara çıxan işçilər  cəzalanır. 

Etik davranış kodeksinin bütün dövlət qulluqçularına aid olduğunu deyən millət vəkili Tahir Kərimli “Sherg.az”a açıqlamasında bildirib ki, hər bir məmur davranış qaydalarına əməl etməyə borcludur:

Parlament üzvünün fikrincə, etik davranış qaydaları təkcə məişət zəmini ilə məhdudlaşmır:
“Eyni zamanda dövlət qulluğu prosesində, iş yerində nümunəvi davranış nəzərdə tutulur. Əməliyyatların aparılması bir nümunədir. Kadr islahatları ilə bağlı icra başçılarının həbsi də bunu göstərir.

Düzdür, bəzən nəticə çıxarmırlar, elə bilirlər ki, bu islahatlar kampaniya xarakterlidir.

Hesab edirəm ki, əməliyyatlar sistemli xarakter daşıyır. Ona görə də hamı götür-qoy etməli, davranışlarına fikir verməlidir. Bu yaxınlarda cənab Prezidentin özü dedi ki, bütün məmurların  başlıca vəzifəsi təvazökar olmaqdır. Kobud davranışlara yol vermək olmaz”. 

Deputat aparılan islahatların ictimailəşməsinin yaxşı hal olduğunu vurğulayıb:

“Hər kəs etik davranış qaydalarına riayət etməlidir. Ümumiyyətlə, tarixən ölkəmizdə “ağsaqqal” söhbəti, böyük-kiçik yeri bilmək və ədəb-ərkan aktual olub. Xalqımıza və dövlətin məmurlarına etik qaydalara riayət etmək yaraşır”.