Səkkiz fəndən “2”qiymətinə dair MÜƏMMA artır: “Bu, uşağa düşmənlikdir” - Puç olan gələcək !

“Burada qanunvericiliyin tələbləri ciddi şəkildə pozulub”

“Şagird səkkiz fəndən 2 alıbsa, deməli məktəbdə normal tədris qurulmayıb”

“Direktor və digər vasitəçilər mütləq cəzalanmalıdır”

 

Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var. Bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib. Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib. Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən “2” yazılıb. 

Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, valideyn tərəfindən irəli sürülən iddialar araşdırılıb:

“Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX “B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub. Mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb. Qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də “2” (iki) çıxıb”.



Baş verənləri “Sherg.az”a şərh edən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov valideynin iddialarında haqlı olduğunu deyib. Ekspert bildirib ki, səkkiz fəndən “2” alan şagirdə attestat verilməsi düzgün deyil. Ümumiyyətlə, 280 saylı məktəbu bu hadisədə qanunsuzluğa yol verib:

“Şagirdlərin bir sinifdən digər sinfə keçmə qaydalarına görə, bütün qiymətlər müsbət olmalıdır ki, onlar növbəti pilləyə keçsinlər. Şagird qeyri-kafi qiymət alarsa, bu zaman ona yay tapşırıqları verilir. Daha sonra qiymət yazılır. Çox təəssüflər olsun ki, burada qanunvericiliyin tələbləri ciddi şəkildə pozulub. Rəsmi açıqlama isə çox yanlış idi.

Məlumdur ki, pandemiyaya görə, martın 3-dən dərslər dayandı. Düzdür,  şagirdlərə birinci yarımil əsasında qiymətlər  yazıldı. Amma bir məqamı unutdular. Bəlkə, şagird birinci yarımildə 2 alıbsa, ikinci yarımildə həmin qiyməti düzəldəcək?  Yəni şagirdən asılı olmayan səbəblərdən dərslər dayanıb. Bəs, dərslər dayanıbsa, Təhsil Nazirliyi niyə teledərs və virtual məktəb layihəsini keçirdi? Axı, şagird həmin layihəyə qoşulub”. 



K.Əsədov qeyd edib ki, attestat təhsil pilləsini başa vurmaq haqqında sənəddir. Bu sənəd o halda verilir ki, şagird bütün öhdəlikləri yerinə yetirib:

“Yerinə yetirməyibsə, müvafiq qaydalar var. Həmin qaydalarda deyilir ki, müsbət qiymət alan şagirdə yay tapşırığı verilmir. Onsuz da məktəb direktorlarımızın böyük əksəriyyətinin qanunvericilikdən xəbəri yoxdur. Təhsil Nazirliyinin isə bu istiqamətdəki fəaliyyəti arzuolunan deyil. Qanun deyir ki, şagird qeyri-müvəffəq qiymət alıbsa, ona yay tapşırığı verilir. Amma şagird heç bir halda sinifdə saxlanılmır”. 

Ekspertin sözlərinə görə, şagird səkkiz fəndən 2 alıbsa, deməli məktəbdə normal tədris qurulmayıb:

“Bu, birmənalı olaraq belədir. Şagirdin təhsil hüququnu məhdudlaşdırmaqdır. Yaxşı, attestat verdiniz, axı bu şagird həmin qiymətlərlə kollecə və peşə məktəbinə gedə bilməyəcək. Uşağa belə etmək düşmənlikdir. Hətta terrorçu belə bunu etməzdi. Maraqlıdır, şagird 9 il ərzində bu pilləyə necə gəlib? Deməli, düzgün tədris qurulmayıb ki, şagird “2” alıb. Utanmaz-utanmaz da açıqlama veriblər ki, uşağın birinci yarımildə qiyməti belə idi. Birinci yarım pis idisə, ikinci yarımildə qiymətlərini düzəldə bilərdi”.

K.Əsədov vurğulayıb ki, baş verən hadisədə direktorun, aidiyyəti təhsil qurumunun əsassız istəkləri, tələbləri olub və valideyn verməyib. Ona görə də şagirdə belə qiymət yazıblar:

“Səkkiz fəndən “2” yazmaq heç bir ölçüyə sığmır. Deyirlər ki, Təhsil Nazirliyinin pandemiya dövründə qaydaları var. Təhsil Nazirliyinin qərarı Quran ayəsidir? Keçən dəfə pandemiya qaydalarını pozub, açıq havada imtahan keçirmişdilər.

Şagirdin yay tapşırığını imtahan edə bilməzlər. Bu, qanunvericiliyin tələbini pozmaqdır. Direktor və digər vasitəçilər mütləq cəzalanmalıdır”.