Sərt açıqlama: “Azərbaycan xalqının səbri tükənməz deyil” – Geriyə yol yoxdur ! 

“Ölkəmizin güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu vardır”

“Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə  geri  atılmayacaq”

“Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlətimizin  bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”



Düşmənin diversiya-kəşfiyyat qrupunun Goranboy rayonu istiqamətində təxribat törətmək cəhdi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu da onların bəzi xarici havadarlarına  arxalandığını təsdiqləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu təxribata da seyrçi mövqedə dayandı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialarla yaşamalarına stimul verir. 



Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, Goranboy rayonu istiqamətində baş verən təxribatlarda ordumuz düşmənin layiqli cavabını verdi.

Baş redaktor bildirib ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da işğalçını öz adı ilə çağırıb, illərdən bəri həllini gözləyən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına yardımçı olmalıdır: 

“Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu vardır.  Bu gün xalq-iqtidar birliyi  Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir.

Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə  geri  atılmayacaq.  Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlətimizin  bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”.

Ermənistanın hərbi təxribatının səbəblərindən bəhs edən V.Rəhimzadə vurğulayıb ki, bunlardan  biri düşmən ölkədəki  iqtisadi və siyasi  böhrandır: 

“Xaricdən maliyyələşən, xarici fondlardan maliyyə, təlimat alan və onların çevriliş texnologiyalarından  bəhrələnən dəstə  iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra  bir çox vədlər verib. Amma bu vədləri yerinə yetirmək üçün  hakimiyyətdə nə  təcrübə, nə səriştə, nə də  daxili resurs var idi.

Vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyət yaradıb. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə dövründə bu bəladan daha çox zərər çəkən işğalçı dövlətdir.

Çıxılmaz vəziyyətdə olan işğalçı dövlətin hakimiyyəti  diqqəti istər daxildə, istərsə də beynəlxalq müstəvidə mövcud durumdan yayındırmaq üçün məqsədli şəkildə təxribatlara əl atır”.