Moskva başa düşdü ! – “Qarşısındakı əvvəlki Azərbaycan deyil !"

“Azərbaycan indi Türkiyə ilə birlikdə addımlayan Azərbaycandır”

“Moskva bundan sonra regionda və Azərbaycanda Türkiyə amilini nəzərə almadan addım ata bilməz”

"Ona görə də Rusiya Azərbaycanla hesablaşmağa məcbur qalıb” 


Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında danışıqlar keçirilib. Rusiya XİN-nin Qəbullar Evində təşkil edilən görüş təkbətək formatda başlayıb və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirib. 

S.Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar:

“Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımı atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”.

C.Bayramov da bunları bəyan edib:

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionun böyük dövlətidir.

Bu cəhətdən biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”.



 Nazirlərin bu görüşünü siyasi ekspertlər, politoloqlar müxtəlif cür şərh edirlər. “Ağ partiya”nın sədri Tural Abbaslı isə mövzu ilə bağlı “Sherg.az”a danışarkən görüşün əhəmiyyətindən söz açıb: 

“Rusiya bizim ən böyük qonşumuzdur. Odur ki, Elmar Məmmədyarovun uğursuz fəaliyyətindən sonra belə bir görüşün keçirilməsi sıradan hadisə kimi qiymətləndirilməməlidir. Əksinə, çox vacib və əlamətdar olaydır. Nəzərə almaq lazımdır ki,  Ceyhun Bayramov qardaş Türkiyəyə rəsmi səfərdən sonra məhz Rusiyaya getdi.

Özü də Moskvanın dəvəti ilə. Tərəflər arasındakı münasibətlərin müasir dövrdə yeni model üzərində qurulacağını düşünürəm. Çox güman ki, bu yaxınlarda dövlət başçıları arasında da görüş keçiriləcək”. 

 T.Abbaslının fikrincə, biz münasibətlərin yeni formasının astanasındayıq: 

“Regionda və Azərbaycanda Türkiyənin mövqeyi Rusiyanı loyal addımlar atmağa məcbur edir. Azərbaycan artıq əvvəlki, ən azı Tovuz hadisələrindən əvvəlki Azərbaycan deyil. Azərbaycan indi Türkiyə ilə birlikdə addımlayan Azərbaycandır. Bunu Kreml də yaxşı görür, başa düşür. Dünənədək Rusiya Azərbaycana arxa bağça kimi baxırdı.

Amma  indi Türkiyə ilə münasibətlərinin və  qardaş ölkənin regionda söz sahibi olmasının fonunda münasibətlərdə müəyyən loyallaşmalar edəcək. Moskva bundan sonra regionda və Azərbaycanda Türkiyə amilini nəzərə almadan addım ata bilməz. Əksinə, Rusiya Azərbaycanla hesablaşmağa məcbur qalıb”.