“Əhaliyə elementar tibbi bilgilər verməliyik, yoxsa...” – Səhiyyə maarifi çöküb ! 

“...Filan rayonda epidemiya olub, camaat yoluxub və guya TƏBİB gedib tədbir görür. Vaxtında hara baxırdılar?!”

“Profilaktika deyilən bir şey var. Yəni öncədən müəyyən xəstəliklərin qarşısı alınmalıdır”

“Bunlar göstərir ki, koronovirusla bağlı siyasi oyunbazlıq edirlər”


Son günlər Şirvan şəhərində koronavirusa yoluxma halının artması baş verib. Müəyyən edilib ki, yoluxma intensivliyinin çoxalması tibb müəssisələrindən qaynaqlanır. Bu məqsədlə Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub. Nəticədə bir sıra qüsurlar aşkarlanıb. Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.

Daha ciddi preventiv tədbirlərin görülməsi üçün bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün xəstəxanalarda xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək. Yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək. 

Şirvanda baş verənləri “Sherg.az”a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda səhiyyənin təşkili və bu işə nəzarət Səhiyyə Naziliyinin vəzifəsidir:

“TƏBİB niyə Səhiyyə Nazirliyinin vəzifəsini üzərinə götürür? Əvvəla, onu deyim ki, TƏBİB-in yaranması çox gülünc bir işdir. İndi də durub nazirliyin əvəzinə xəstəxanalara baş çəkir. Bu təşkilatın Azərbaycan xalqına və səhiyyəsinə heç bir xeyri yoxdur.

Sadəcə testləri satıb, pul qazanmaqla məşğuldur. Xəstəliyin Şirvanda çoxalmasına gəldikdə, təbii ki, ölkəmizdə koronavirusa qarşı görülən tədbirlər günün tələbləri səviyyəsində deyil. TƏBİB-in gördüyü iş xəstəliklərin meydana çıxmasının qarşısını almır. Xəstəlik yayılandan sonra gedib tədbir görməyin heç bir mənası yoxdur”. 

S.Cəlaloğlu vurğulayıb ki, Azərbaycanda səhiyyə maarifi istiqamətində heç bir iş görülmür: 

“Vətəndaşların çox az hissəsi sağlamlıq haqqında təsəvvürlərə malikdir. Əhaliyə gecə-gündüz elementar tibbi bilgilər verməliyik. Yalnız bu yolla sağlamlıq problemlərini həll edə bilərik.

Yoxsa filan rayonda epidemiya olub, camaat yoluxub və guya TƏBİB gedib tədbir görür. Vaxtında hara baxırdılar? Profilaktika deyilən bir şey var. Yəni öncədən müəyyən xəstəliklərin qarşısını almaq.

Bunlar göstərir ki, koronovirusla bağlı siyasi oyunbazlıq edirlər. Azərbaycan səhiyyəsində çox ciddi problemlər var. Bu problemlərin həlli vacibdir”.