"Toyları, yasları səliqəyə salmaq lazımdır"

Rasim Balayev: "Quranda da yazılıb ki, Allahın israfçı adamlardan xoşu gəlmir” 

“Çağırırlar toya, ara oxuyanlarına pul verirlər. Onlar da qudururlar, bahalı maşınlarda gəzirlər. Özlərini sənətkar kimi görürlər"


 Xəbər verdiyimiz kimi Xalq artisti Mehriban Zəki binası olmayan özəl teatrlarla bağlı maraqlı təklif irəli sürüb. O, hazırda paytaxtda fəaliyyət göstərən bir neçə teatrın tamaşalarını nümayiş etdirdiyi zaman çətinliklərlə üzləşdiyinə diqqət çəkərək  şadlıq saraylarının bu teatrlara verilməsini  təklif edib: “Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz-yurdsuzdur. Büdcədən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq saraylarını teatrlara versin dövlət. Mədəniyyətimizə daha çox  xeyir dəyər. YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, "Səda" tədris teatrı və daha neçə teatrın binası olsun”.

 Aktrisanın sözlərinə görə, bu ideya  daha əvvəl  əməkdar artist İntiqam Soltanov tərəfindən irəli sürülüb. Məlumat  üçün qeyd edək ki, bir müddət  öncə “Qanun” nəşriyyatının direktoru  Şahbaz Xuduoğlu da sözügedən mövzuya  toxunmuşdu.  
 
Məsələni “Sherg.az”a dəyərləndirən tanınmış aktyor, xalq artisti Rasim Balayev söyləyib ki, Bakıda yüzə qədər şadlıq evi var:

“Belə çıxır ki, onlar teatrlara  verilsə, Bakıda  100 dənə teatr  olacaq?  İkincisi də onun sahibləri var.   Ola bilsin ki, üç, ya da dörd teatrın  yeri yoxdur. Amma digər  teatrların  öz binası var. Ona görə bu mənim üçün mürəkkəb sualdır”.

Günümüzdə keçirilən dəbdəbəli toylara və yas mərasimlərinə də diqqət çəkən aktyor qeyd edib ki, vaxtilə dəb düşdüyü üçün böyük şadlıq sarayları tikilib:

 “Bir toyda 800  nəfər adam olar? Pandemiya dövründə  uzağı 50 nəfər normaldır. Qohum-əqrəba, beş-altı nəfər də dost kifayətdir. Yoxsa camaatı yığıb tökürlər restoranlara.  Sonra  da ömür boyu borc qaytarmaq üçün toylara  gedirlər. Hələ mərasim evləri tikilib, yemək-içmək... Vallah ehsanımız da, toyumuz da düzgün deyil.  Bunlara  əl gəzdirmək lazımdır.  İmkanlı  adamlar  belə  məclisləri keçirə bilirlər. Amma çox kasıb  tanıyıram ki,  borca düşüb, ehsan verir,  toy edir. Nə olub bu millətə?  Bir dəfə  Naxçıvanda  yasa getdim.

Orda hər şeyi qadağan ediblər. Təkcə çay, limon, bir də halva verirlər. Ehsan keçmişdə olub. Məsələn, araba ilə başqa rayonlardan, kəndlərdən gəliblər. Yollarda restoran olmayıb. Onların yeməyi üçün ehsan veriblər. Qonşu ölkələr İrana, Türkiyəyə nəzər salaq. Orda namaz qılırlar, dəfn edirlər, evə dağılışırlar.

Ehsan vermək istəyən qoyun kəssin,  yetim uşaqlara aparsın. İmkanı olmayan adamların təhsil haqqını versin. Yoxsa biznes açıblar. Bunları səliqəyə salmaq  lazımdır, hamısı israfçılıqdır. Quranda da yazılıb ki, Allahın israfçı adamlardan xoşu gəlmir”. 

Rasim müəllim həmçinin toylarda yüksək qiymətlərə oxuyan müğənnilərdən də danışıb:

“Çağırırlar toya, ara oxuyanlarına pul verirlər. Onlar da qudururlar, bahalı maşınlarda gəzirlər. Özlərini sənətkar kimi görürlər.  Axı bunlar sənətkar deyil, toy müğənniləridir. 10-20 minə  toya gedirlər. Belə şeyləri qurtarsınlar. 

Elə toylar var ki, bəlkə orda  on nəfər  oxuyan olub, hərəsi 5000 alıb gediblər. Sonra da yekə-yekə  sənətdən danışırlar. Ancaq toyxana müğənniləridir, orda sənət yoxdur. Bundan əlavə toyda yeməklərdə də israfçılıq edirlər.

Türkiyədə ofisiant gəlir, menyu ilə nə istədiyini soruşur, onu gətirir. Amma bizdə stolda barmaq qoymağa yer olmur. Şadlıq evləri də bu günün əl dəyməmiş yeməklərini soyuducuda saxlayıb, sabahkı toyda da verir. Yazıq adamların əksəriyyəti borca düşür.

Ona görə hamısı dəyişilməlidir. İndi isə pandemiya dövrüdür.  Elə insanlar var ki, xəstədir, istəyir övladının toyunu görsün. Onlar da az qonaqla, qanunu gözləmək şərti ilə, sosial məsafəyə riayət edərək toy keçirə bilərlər“.