Yeni səhifə açılır ! - “Tədris əvvəlkitək olmayacaq” – Proses dəyişir ! 

“Təhsilin həm əyani, həm distant formada təşkili və teledərslər şagirdlər üçün heç bir çətinlik yaratmayacaq”

 “Amma riskli dövrdür. Məktəblərin açılması yoluxma riskini artırır. Odur ki, qaydlara əməl edilməlidir” 


Dünən Operativ Qərargahın növbəti brifinqi keçirilib və yeni tədris ilinin necə başlanacağı açıqlanıb. Təhsil naziri Emin Əmirullayev bildirib ki, şagirdlər həftənin bir neçə günü məktəblərə getməklə yanaşı, təhsillərini həm də məsafədən davam etdirəcəklər. Həmçinin teledərslər də qüvvədə qalır.

 

 Müvafiq qərarı “Sherg.az”a şərh edən təhsil eksperti Kamran Əsədov bunu yüksək qiymətləndirib: 

“Təhsil Nazirliyi özündə güc tapıb belə bir qərar verdi və mart ayından etibarən dayanan əyani dərslər, nəhayət ki, bərpa olundu. Əlbəttə, bu, müsbət hadisədir.

Ən azından ona görə ki, məktəblərə getmək şagirdlərə psixoloji cəhətdən yaxşı təsir göstərəcək. Həmçinin heç də hər kəsin texniki imkanlarının olmadığını nəzərə almaq lazımdır.

Təcrübə göstərdi ki, indiyədək təqdim olunan üsul və vasitələr mövzuların tam mənimsənilməsinə imkan vermədi. Ənənəvi dərslərin ali məktəblərdə qismən bərpa edilməsinin məqsədəuyğun olduğunu düşünürəm”. 

 K.Əsədov, həmçinin bildirdi ki, bundan sonra tədris sistemində əsaslı dəyişikliklər olacaq: 

“Riskli dövrdür. Məktəblərin açılması yoluxma riskini artırır. Odur ki, qaydlara əməl edilməlidir. Artıq Azərbaycan təhsil sistemində yeni səhifə açılır. Tədris əvvəlkitək olmayacaq. Dərs müddəti də, prosesi də dəyişəcək.

Təhsilin həm əyani, həm distant formada təşkili, eyni zamanda, teledərslər şagirdlər üçün heç bir çətinlik, çaşqınlıq yaratmayacaq. Əksinə, əlçatımlığı təmin edəcək”.