“Düşmənin Goranboy həmləsi boşa çıxdı” – Əsgərimiz ayıq-sayıqdır !

“Ordumuz vaxtında reaksiya verərək düşməni zərərsizləşdirib geri çəkilməyə məcbur etdi”


Düşmənin diversiya-kəşfiyyat qrupunun Goranboy rayonu istiqamətində təxribat törətmək cəhdi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu da onların bəzi xarici havadarlarına  arxalandığını təsdiqləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu təxribata da seyrçi mövqedə dayandı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialar çıxış etmələrinə stimul verir. 



Düşmənin Goranboydakı təxribatını “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli bildirib ki, ermənilərin bu təxribatının məqsədi 2016-cı ildə Goranboyda ağır məğlubiyyətə düçar olub itirdikləri mövqeni yenidən ələ keçirməkdir:

“Məlumdur ki, 2016-cı ildə Azərbaycan Ordusu Goranboy istiqamətindən Talış istiqamətinə kimi müvafiq mövqeləri düşməndən geri ala bildilər. Bu xətt boyunca olan ərazi Dağlıq Qarabağın ərazisinə daxil olan bölgələrdir.

Təbii ki, işğalçı ölkə niyyətinə çata bilmədi. Ordumuz vaxtında reaksiya verərək düşməni zərərsizləşdirib geri çəkilməyə məcbur etdi.

Həmçinin düşmənin diversiya qrupunun komandirini əsir götürdülər. Ordumuz hər zaman ayıq-sayıqdır.

Son təxribatda bunun bir daha şahidi olduq. Düşmən hər dəfə təxribatlar törədib nəsə əldə etməyə çalışsa da, cəhdləri boşa çıxır. Hər zaman da belə olacaq”