“Bəzi güclər ermənilərdən alət kimi istifadə edirlər”

“Onlar yenə də istifadə obyekti olaraq qalırlar”

“Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır”



Qarabağ müharibəsi zamanı erməni hərbçiləri, separatçılar Azərbaycan türklərinə qarşı xeyli sayda kütləvi qırğınlar, qətliamlar, soyqırımlar həyata keçirib. Onlardan biri də XX yüzilliyin böyük faciələrindən biri olan Ballıqaya qətliamıdır. Bu faciə Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Həmin qətliam zamanı bu ərazidə məskunlaşan insanlar erməni vəhşiliyinin qurbanı oldular. Ballıqaya qətliamı bir obanın, yaşayış məntəqəsinin faciəsidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: 
“Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir”.

Millət vəkili Anar Məmmədov “Sherg.az”a bildirib ki, ballıqaya qətliamı zamanı beynəlxaq humanitar hüququn bir sıra əsas tələbləri kobud şəkildə pozulub. Parlament üzvü vurğulayıb ki, qətliamla bağlı 1992-ci il avqustun 28-də Goranboy Rayon Hərbi Prokurorluğunda cinayət işi başlansa da, aparılan istintaq tədbirləri nəticəsində qətliamda iştirak edən terrorçulardan yalnız bəzilərinin şəxsiyyəti müəyyən edildi:

“Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşklilatlara və Ermənistan Respublikasına cinayətkarların tapılaraq ədalətə təslim edilməsi ilə bağlı müraciət edildi. Lakin bu günə qədər bu amansız cinayətləri törədənlər layiqli cəzalarını almayıblar.
Təbii ki, bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə atıblar. Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Bu gün bir erməni uşağının beyninə türklərə qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları erməni torpağı kimi qələmə verilir”.

Millət vəkili qeyd edib ki, qətliamı törədən düşmənin xəstə təfəkkürü ilk növbədə onların özünə zərbə vurur:

“Bu gün təcrid olunmuş vəziyyətə düşən Ermənistan yenə də ənənəsinə sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan torpaqlarına iddialarından geri çəkilmir.

Düşmən Dağlıq Qarabağla bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq status-kvonu uzatmağa çalışır. Ermənilərin bu xəstə təfəkkürü Azərbaycana, həmçinin türklərə qarşı olan bir sıra qlobal güclərin işinə də yarayır.

Onlar dəfələrlə ermənilərdən bu məqsədlə alət kimi sitifadə ediblər və onlar yenə də istifadə obyekti olaraq qalırlar. Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır”.