Sensasiya ! - “Növbəti erməni təxribatı gözlənilir” - Türkiyə də hiss edir !

“Qardaşlarımız hazırkı gərgin vəziyyəti-düşmənin aqressiyasını yaxşı görürlər” 

“Türkiyədən başqa hansıa dövlətin yardımına ümid etmək olmaz” 

“Rusiya heç bir həll yolunu təklif etmir”

“Ya diplomatik danışıqları yeniləməli, ya da status-kvonu tərpətmək məqsədilə, lokal hərbi əməliyyatlara başlamalıyıq”


Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Ermənistanın Azərbaycan torpaqlarına təxribatı ilə bağlı suala olduqca tutarlı cavab verib. H.Akar qeyd edib ki,  Azərbaycan türkləri doğma qardaşlarımızdır. Buna görə biz iki dövlət bir millətik:

“Təbii ki, biz burada tərəfik. Durduğu yerdə belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını da hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərlə qardaşlarımızla birlikdəyik”. 

Bundan başqa H.Akar Ermənistanın məntiq və ağılla iş görmədiyini vurğulayıb: “Arxasındakı güclərdən güc alaraq başından böyük işlərə girişir. Tarixə nəzər saldıqda 1915-ci il hadisələri ilə bağlı irəli sürülən iddiaların nə qədər səhv olduğu Amerika arxivlərində kəşfiyyat məmurlarının hesabatlarında qeyd edilib. Bizimlə əlaqəsi olmayan bir ingilis, amerikalı yazır bunu. Getdik hər yeri gəzdik deyir. Məlum olub ki, türk kəndləri yandırılıb, erməni kəndləri isə olduğu kimi qalıb. Hesabatlar Amerika arxivindədir”.

Qardaşlarımızın bizə dəstəkləri göz qabağındadır. Bütün tarix boyu olduğu kimi, indi də köməkliklərini əsirgəmirlər. Bəlkə, bizim görmədiyimiz daha ciddi təhlükələri görürlər? Hər halda Hulusi Akarın sözləri təkcə Ermənistana yox, həm də onun havadarlarına ciddi mesajdır. Maraqlıdır, baş verən hadisələr siyasi sferanın gələcəyi üçün nələr vəd edir? 

“Sherg.az” olaraq bu və digər suallara cavab tapmaq məqsədilə siyasi analitik Turab Rzayevin fikirlərini öyrəndik. 

-Türkiyənin Azərbaycana bu qədər böyük dəstəyini necə qiymətləndirirsiniz?

-Real şəraitə baxsaq, görərik ki, Azərbaycanı Türkiyədən başqa müdafiə edəcək bir qüvvə yoxdur. Ona görə də qardaş ölkəyə ancaq təşəkkür edə və yalnız onlara inana bilərik. Digər dünya dövlətlərinin hansısa yardımına isə ümid etmək olmaz. 

- Niyə?

- ABŞ okeanın o tayından bizə hərbi yardım göstərə bilməz. Ən yaxşı halda çox az formada diplomatik yardım edə bilər. Əslində buna da inanmıram. Çünki yerli hökumətin başı indi öz işlərinə, o cümlədən prezident seçkilərinə qarışıb. Xarici siyasətdən, az qala,  təcrid olunub. Avropa İttifaqı ölkələrinin məsələyə münasibəti də birmənalı və konkret deyil. İran və Rusiya Ermənistanla strateji tərəfdaşdır. Əlbəttə, belə bir şəraitdə Türkiyədən başqa heç bir dövlətin yardımına ümid edə bilmərik. 

- Hadisələrin sonunu necə proqnozlaşdırırsınız?

- Böyük bir müharibə olacağına inanmıram. Hər halda hələ ki, nə biz İrəvanı almağa hazırlaşırıq, nə də düşmən ölkəmizin hansısa şəhərinə ciddi hücum planı hazırlayır.

- Bəs düşmənin ard-arda təxribatları nəyə hesablanıb?

- Ermənistanın belə aqressiyalı davranışı hansısa qüvvənin onu cəsarətləndirdiyinə işarədir. Əlbəttə, bu, ABŞ deyil. 

- Bəs kimdir?

- Rusiya və Fransa. Düzdür, Fransa Ermənistanı silahlandırmır. Buna imkanı da yoxdur. Lakin lojistik və diplomatik dəstəyini göstərir. Sözsüz ki, Tovuz təxribatı da Ermənistanın beyninin məhsulu deyil. 

- Nə üçün belə düşünürsünüz?

- Özləri də etiraf etdi ki, məqsəd enerji dəhlizinə hücum olub. Bu həmlə isə İsrailin, Türkiyənin və başqa ölkələrin enerji təhlükəsizliyinə təhdiddir. Ermənistanın belə cəsarəti və gücü varmı? Yoxdur. Sadəcə Rusiya və Fransa indiyədək edə bilmədiklərini Ermənistan vasitəsilə etdilər. Ümumiyətlə, bu iki dövlət Ermənistanı necə lazımdır, dəstəkləyir. Bizim yanımızda olan isə məhz Türkiyədir. 11 minlik türk ordusunun Azərbaycana gəlməsi dünyaya mesaj idi: Biz Azərbaycanı böyük dövlətlərin oyununda tək qoymayacağıq. 

- Sizcə, Hülusi Akarın sözügedən çıxışı nəyə hesablanıb?

- Növbəti təxribatın olacağını gözləyirəm. Ola bilsin, bunu Türkiyə də hiss edir . Qardaşlarımız hazırkı gərgin vəziyyəti-düşmənin aqressiyasını yaxşı görürlər. 

- Belə bir şəraitdə biz nə etməliyik?

- Ya diplomatik danışıqları yeniləməli, ya da böyük olmasa da, status-kvonu tərpətmək məqsədilə, heç olmasa, lokal hərbi əməliyyatlara başlamalıyıq. Bir də ATƏT-in Minsk Qrupunun üzvlərinin dəyişilməsi şərtdir. Rusiya ilə Fransanın mövqeyi aydındır. ABŞ-ın başı isə dediyim kimi, özünə qarışıb. Bu ölkələrin Polşa, Macarıstan, Almaniya kimi münaqişəyə obyektiv yanaşan dövlətlərlə əvəzlənməsi Azərbaycan üçün böyük üstünlük olar. 

- Türkiyənin Azərbaycana bu qədər dəstək göstərməsi Rusiyanın siyasətini maksimum hansı həddə kimi loyallaşdıra bilər?

- Rusiya Azərbaycana özünün arxa bağçası kimi baxır. Hətta SSRİ-nin dağılmasına görə təəssüfünü bildirir. Ona görə də öz maraqlarından əl çəkməyəcək. Bütün imkanları ilə söz sahibi olmaq istəyəcək. Lakin Türkiyənin Azərbaycana dəstəyinin məhz müdafiə məqsədli olması Rusiyanın aqressiyasını yumşaldır. Çünki bu dəstək nə Ermənistana hücuma hazırlıqdır, nə də şimal qonşumuzun maraqlarına ziddir. Əlbəttə, rəsmi Moskva bizə “Niyə müdafiə olunursunuz?” deyə irad tuta bilməz. 

- Türkiyənin müdaxiləsi Rusiyanı daha diqqətli və ehtiyatlı davranmağa məcbur edir. Bəs Fransanı necə neytrallaşdıra bilərik?

- İlk növbədə onu da deyim ki, Rusiya heç bir həll yolunu təklif etmir. Lavrov Minsk qrupunun dəyişilməsinə razı deyil. Onlar hətta müəyyən mənada ermənilərin maraqlarının təmsil olunduğu təkliflə də çıxış etmirlər. İki yolumuz var: ya Rusiya münasibətini dəyişməli, ya da biz Türkiyənin, yaxud Qərbin timsalında başqa çıxış yolu tapmalıyıq. Fransanı neytrallaşdırmaq isə faktiki olaraq mümkün deyil. 

- Deməli, mövcud vəziyyətlə barışmalıyıq?

- Fransa ikili oyun oynayır. Biz bunun qarşısını almaqdan ötrü onlara belə çox önəm verməməliyik. Halbuki Azərbaycanda Fransa universiteti var, bu dil məktəblərdə tədris edilir...Nəyə görə? Fransa bütün həlledici məqamlarda ermənipərəst mövqedən çıxış etdiyi üçün? Biz yalnız Avropadakı bəzi dövlətlərin, o cümlədən Almaniyanın, Polşanın, Çexiyanın, İtaliyanın gücündən istifadə edərək Fransanı neytrallaşdıra bilərik.