“Aşura mərasimlərinin evdə keçirilməsi daha düzgündür”

“Tibbdən zərrə qədər məlumatı olan, özünü və ailəsini düşünənlər heç vaxt karantin qaydasını pozmaz”

“Əvvələr də İslam tarixində xroniki xəstəliklər yayılan vaxtı belə tədbirlər görülüb”


Dövlətimizin üzərinə əhalinin sağlamlığının təmin edilməsi kimi mühüm vəzifə düşür. Məhz bunun üçün də çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu il Məhərrəm ayı və Aşura günü koronavirusla bağlı yaranmış riskli şəraitə təsadüf etdi. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi təhlükəlidir. Çünki dini rituallar ölkədə koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə ola bilər.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. 

Dini ayinlərin keçirilməməsi yalnız ölkəmizdə yox, digər müsəlman dövlətlərində də müşahidə olunur. Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana  toplaşması yoluxma ehtimalını artırır. Lakin bu hal bəzilərinin narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən bir çox insan yoluxma təhlükəsini düşünmür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin imamı Samid Quliyevin “Sherg.az”a açıqlamasına görə, bu il Məhərrəm ayı təkcə Azərbaycanda yox digər islam ölkələrində də karantin dövrünə  təsadüf edir. Bir çox ölkədə mövcud durumla əlaqədar məscdilər qapadılıb. 
QMİ nümayəndəsi bildirib ki, məscidlərin qapalı olması müvəqqəti xarakter daşıyır:

“Xüsusilə Aşura günü yaxınlaşdıqca bəzi inanclı insanlar istəyirlər ki, dini məclislər məscidlərdə qurulsun. Amma belə insanlar o qədər də çox deyil. Yəni başa düşən, tibbdən zərrə qədər məlumatı olan, özünü və ailəsini düşünənlər heç vaxt karantin qaydasını pozmaz.

Bütün dindarlarımız xüsuilə QMİ-nin verdiyi tövsiyələr əsasında həm Ramazan, həm də Qurban bayramını anlayışla qarşıladı. Hər kəs bayram namazlarını evində qıldı.

Hətta vacib olan Həcc ziyarəti bu il dayandırıldı. Xalqımız tarixən Aşura mərasimini qeyd edib. Sovetin ən kəskin zamanlarında belə, məscidlərin məcburi qapadıldığı dövrdə ata-babalarımız evlərində gizli olaraq bu mərasimləri icra edirdilər”. 

S.Quliyev inanclı kəsimlərə tövsiyə edərək vurğulayıb ki, özümüzü qorumaq üçün qapalı məkanlardan çəkinməliyik:

“Əvvəlcədən elan olunub ki, məscidlər fəaliyyət göstərməyəcək. 5-6 nəfərlə məscidin qarşısına çıxıb ara qarışdıraraq dövlətlə xalqı üz-üzə qoymaq yaxşı hal deyil. Çünki İmam Hüseynin qanlı faicəsi əxlaq, örnək məktəbidir. Yaxşı olar ki, tövsiyələrə əməl olunsun. İnsanlarımız müvəqqəti olan bu imthana  dözsünlər”. 

İmamın sözlərinə görə, vətəndaşların Aşura mərasimlərini evdə qeyd etməyi  daha düzgün olar:

“Sosial şəbəkələrə çıxışı olan din xadimləri “Məscidləri evinizə gətiririk” devizi altında maarifləndirmələr aparırlar. Bu gün Feysbuk və Yutubda istənilən inanclı adamlar dini çıxışları izləyə bilir.  Evimizdə mərasim keçirməyin heç bir ziyanı yoxdur. Məscidə gedib ara qarışdırmaqdansa, Aşuranı evdə sakit formada qeyd etmək vacibdir. Çünki əvvələr də İslam tarixində xroniki xəstəliklər yayılan vaxtı belə tədbirlər görülüb”.