“Karantinlə bağlı qadağaların saxlanılması vacibdir” - Deputat

“Əhalinin sağlamlığı Azərbaycan dövlətinin əsas strateji məqsədidir”

“Bu məqsədə nail olmaq üçün ən effektiv mexanizmlərdən biri məhdudiyyətlərin tətbiq olunmasıdır”




Ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə və sistemli tədbirlər müsbət nəticələrin əldə edilməsinə imkan yaradıb. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına görə yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Dövlətimiz infeksiyasının yayıldığı ilk gündən vəziyyəti nəzarətə götürdü. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı vacibdir. Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldıldı.

Təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar. Ona görə də Azərbaycanda mayın 4-də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərir. 

Ölkəmizdəki durumu “Sherg.az”a dəyərləndirən millət vəkili Soltan Məmmədov hesab edir ki, koronovirusla mübarizədə əldə olunmuş nailiyyətlərin davamlı olması üçün məhdudiyyətlərin saxlanması vacibdir.

 “Azərbaycan dövləti virusun yayılmağa başladığı ilk günlərdə vətəndaşların sağlamlığının qorunması üçün bir sıra mühüm addımlar atıb. Səhiyyə, iqtisadiyyat, sosial sahələrdə kompleks tədbirlər həyata keçirildi. Məhz bu tədbirlərin nəticəsində iqtisadiyyatın daha böyük miqyasda ziyan görməsinin qarşısı alınıb, vətəndaşların sosial müdafiəsinin təmin olunması istiqamətində çox mühüm işlər görülüb.

Azərbaycan Prezidenti də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün insanların sağlamlığı bütün digər məsələlərdən öndə gəlir. Hesab edirəm ki, indi müsbət dinamikanı qoruyub saxlamaq olduqca vacibdir. Nə qədər ki, virusun xarakteri tam şəkildə tədqiq olunmayıb, kütləvi yayılmanın qarşısını almaq üçün effektiv və təsdiq olunmuş vaksinlər yoxdur, yeganə yolumuz məhdudiyyətlərin müəyyən qədər saxlanmasıdır”.

Deputat qeyd edib ki, Azərbaycan vətəndaşları Nazirlər Kabineti Yanında Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməklə dövlətlə həmrəylik nümayiş etdirir. Məhz dövlətlə xalq arasında bu qarşılıqlı etimad, həmrəylik virusun dinamikasında müsbət dönüşü şərtləndirən əsas amillərdən biri olub:

“Azərbaycan dövləti səhiyyə sistemini çox qısa müddətdə virusla mübarizə üçün zəruri olan maddi-texniki baza ilə təmin etdi. Yeni laboratoriyalar quraşdırıldı, modul tipli xəstəxanalar tikildi, ən müasir avadanlıqlar gətirildi. İqtisadiyyatın zərər görməsinə baxmayaraq, sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bütün bu tədbirlərin yeganə məqsədi vətəndaşların sağlamlığını qorumaqdır”. 

Millət vəkili hesab edir ki, əhalinin sağlamlığı Azərbaycan dövlətinin əsas strateji məqsədidir. Bu məqsədə nail olmaq üçün isə, indiki şəraitdə virusun yayılmasının qarşısının alınmasında təcrübədən çıxarılmış ən effektiv mexanizmlərdən biri məhdudiyyətlərin tətbiq olunmasıdır:

“Nə qədər ki, əlimizdə yeni mexanizmlər yoxdur, biz mövcud təcrübəyə əsaslanaraq, karantini rejimini davam etdirmək məcburiyyətindəyik. Ola bilsin ki, müəyyən yumşalmalara gedilə bilər. Lakin buna Nazirlər Kabineti yanında Operativ Qərargah və mütəxəssislər qərar verə bilər”.