Bu aksiya bir mesajdır! - “Xalq türk ordusunun qalmasını istəyir”

“Aksiyada səsləndirilən şüarlar əslində bütün Azərbaycan xalqının ümumi düşüncəsi, arzusudur”
 
“Hətta gördüyünüz kimi bunu israrla tələb edirlər”



Türkiyənin Azərbaycandakı səfirliyinin binası önündə yüzlərlə insanın iştirakı ilə aksiya keçirilib. Qardaş ölkəyə və türk ordusuna çağırış mahiyyəti daşıyan aksiyada vətəndaşlarımız “Türk ordusu Azərbaycanda qal”, “Türk ordusu vur”, “Biz bir olmalıyıq”, “Bir millət, iki dövlət” şüarları səsləndiriblər. Həmçinin, “Türkiyənin Azərbaycanda hərbi bazası qurulsun, əsgəri olsun” sözləri yazılmış plakatlar nümayiş etdiriblər. 

Türkiyə bayraqları ilə səfirlik önünə toplaşan aksiyaçılar Azərbaycanın xilas yolunun Türkiyə ilə daha sıx əməkdaşlıqda və hərbi müttəfiqlikdə olduğunu bəyan ediblər. Aksiyaçılar bildiriblər ki, qarşımızda nə qədər çox düşmən olur-olsun, Türkiyə-Azərbaycan vəhdəti bütün düşmənləri məhv etmək gücündədir. Çünki Türkiyə ordusu çox güclüdür. 

İctimaiyyət nümayəndələrinin sözlərinə görə, qardaş ölkə səfirliyinin önündə Türkiyə ordusuna çağırış aksiyası müəyyən dairələr üçün ciddi mesajdır.



Aksiya ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, yüzlərlə insanın təşkil etdiyi aksiya və onların səsləndirdiyi şüarları əslində bütün Azərbaycan xalqının ümumi düşüncəsi, arzusudur: 

“Xalqımız birmənalı olaraq qardaş Türkiyənin yanındadır. Qəlbində Azərbaycan sevgisi, millət eşqi olan hər vətəndaşımız türk ordusunun ölkəmizdə qalmasının tərəfdarıdır. Hətta gördüyünüz kimi bunu israrla tələb edirlər.

Fikrimcə, bu möhtəşəm aksiya həm də ölkəmizdəki bəzi anti-türk qüvvələrə ciddi bir mesajdır. Güman edirəm, xalqın mesajı həm Azərbaycan, həm Türkiyə hökumətləri tərəfindən düzgün qiymətləndiriləcək”.