Dövrün tələbidir ! - "Tədrislə bağlı qərarlar dəyişdirilə də bilər"

“Nəzərə almalıyıq ki, deyilənlər hələ sadəcə nəzərdə tutulmuş ssenaridir”

“Ola bilsin, indi verilən qərarlara müəyyən əlavə və düzəlişlər edilsin”

“Ona görə də gileylənmək yox, real vəziyyətə uyğunlaşmaq lazımdır”


Nazirlər Kabineti yanında  Operativ Qərargahın dünənki brifinqindən sonra təhsillə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib. Məlum olub ki, orta məktəbdə dərslər həm ənənəvi, həm də onlayn qaydada davam edəcək. Tələbələr isə yeni tədris ilinə distant şəkildə başlayacaqlar. Yalnız birinci kurslar oktyabr ayında tanışlıq məqsədilə universitetə gedə biləcəklər. 


 
Bu qərarlar dünəndən etibarən sosial şəbəkələrdə geniş müzakirə olunur. Təhsil eksperti Nadir İsrafilov yeni qərarlarla bağlı fikirlərini “Sherg.az”la bölüşüb. O, mübahisəyə ehtiyac olmadığını düşünür: 

“Verilən qərarlar kiminsə subyektiv mövqeyi deyil. Əksinə, təkliflər paketi təhsildə şəffaflıq, demokratiklik prinsipini nəzərə alınaraq ümumi ictimai rəy əsasında hazırlanıb. Hələ avqustun əvvəlində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn görüş keçirilib. Həmçinin sonrakı vaxtlarda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, rektorlar, özəl məktəb rəhbərləri, regionlardakı tələbə, şagird və valideynlərlə müzakirələr aparılıb, onların fikirləri öyrənilib, dövlət qurumları ilə məsləhətləşilib, ÜST-ün tövsiyələri nəzərə alınıb. Yəni verilən qərar ortaq məxrəcdir. Hər halda real vəziyyəti nəzərə almalıyıq. Qərarlarda hansısa neqativ hal axtarmağa ehtiyac yoxdur. Bilməliyik ki, bu, dövrün tələbidir”.  

N. İsrafilovun sözlərinə görə, dünənki qərarların dəyişilməsi də istisna deyil: 

“İctimaiyyət narahat idi. Dünənki brifinqlə bu nigaranlıq aradan qalxdı və məlum oldu ki, məktəblər açılacaq. Amma nəzərə almalıyıq ki, deyilənlər hələ sadəcə nəzərdə tutulmuş ssenaridir. Sentyabrın 1-də Təhsil Nazirliyi yanında İctimai Şura beynəlxalq ekspertlərlə onlayn görüş keçirəcək. Ola bilsin, indi verilən qərarlara müəyyən əlavə və düzəlişlər edilsin.

Hər halda dünənki qərarlar qəbul edilərkən differensial yanaşma tətbiq olunub və region, yaş kimi məqamlar nəzərə alınıb.

Bəziləri texniki çatışmazlığın yaranacağını düşünürlər. Lakin görürük ki, dövlətimiz bu istiqamətdə də lazımi addımları atır. Ona görə də gileylənmək yox, real vəziyyətə uyğunlaşmaq lazımdır”.