Rejim pozuldu, yuxu qaçdı...

Məqsədsiz adamlar pandemiya dövründə içki şüşələri ilə dostluq etdilər

"Bəzi qrup insanlar məsuliyyətli yaşamağı sevmir. Onlar ya dərddən, ya da ki, problemlərdən qorxurlar. Başa çıxa bilmədikləri hadisələrdən dolayı olaraq insanlar zərərli aludəçiliklərə meyillənirlər"

2020-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 11 milyard 741,6 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 5 milyard 682,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 6 milyard 059,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında içkilər və tütün məmulatlarının dəyərinin əvvəlki illərlə müqayisədə artmasının başlıca səbəbinin pandemiya dövründə insanların keçirdiyi passiv həyat tərzi ilə əlaqədar olduğunu deyib. Psixoloqun sözlərinə görə, bu dövrdə ən aktual problemlərdən biri də insanların məsuliyyət hissindən qaçmasıdır:

"Bəzi qrup insanlar məsuliyyətli yaşamağı sevmir. Onlar ya dərddən, ya da ki, problemlərdən qorxurlar. Başa çıxa bilmədikləri hadisələrdən dolayı olaraq insanlar zərərli aludəçiliklərə meyillənirlər". 

Z.Eyyubova pandemiya dövründə dövlət və özəl sektorların çox faizinin işləməməsinin əhali arasında məsuliyyətsizlik simptomunu yaratdığını vurğulayıb:

"İnsanlar birdən-birə boşluğa düşdülər. Onların səhər işə getmək, axşam tez yatmaq kimi məsuliyyətləri olmadı. Həmçinin başqa bir səbəb onlarda yuxu problemi baş verdi. Rejimli qrafikləri pozuldu, yəni istədikləri vaxt yatdılar-durdular. Bir nüansı da nəzərə alaq ki, kafe və restoranların bağlanması bu məhsulların marketlərdən satışını artırdı.

Ona görə də, siyahıda bu içki məhsullarının satışı daha çox qeydə alındı. Əvvəllər restoranlarda içənlər indi evlərində içməyə başladılar. Bu da həmin şəxslərdə laqeyd həyat tərzini formalaşdırdı. Əgər onlar məsələyə tam başqa aspektdən baxsaydılar, o zaman daha yaradıcı işlərlə məşğul ola bilərdilər".

Tütün məhsullarının istifadəsinə gəlincə, psixoloq bildirib ki, insanların əllərindən hansısa bir məşğuliyyətləri, işləri alınan kimi dərhal pis yollara əl atırlar, mənfiyə doğru meyillənirlər:

"Bu onların cəmiyyətin müəyyən sahəsində zəif olmasından, yaxud da zəiflikdən çox məqsədsiz olmasından irəli gəlir: "Məqsədsizdirlər ki, bu problemlər ortaya çıxır. Misal üçün, birinin işi əlindən alınır. Bu zaman tütündən istifadə edir. Burdan məlum olur ki, demək, bu insan iş üçün yaşayırdı. İş yoxdursa, artıq düşməlidir. Bu məsələlərə diqqət yetirmək lazımdır ki, bu, cəmiyyətdə böyük bir problemdir".