Nə maddi imkanları var, nə də hərbi...

Ermənistan hökuməti 100 minlik könüllü ordunu heç vaxt toplaya bilməz

Ermənistan Müdafiə Nazirliyi könüllülərdən ibarət yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Deyilənə görə, “könüllülər ordusu”na Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək. Yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir. Parlamentdə “Mənim addımım” fraksiyasının üzvü olan deputat Sasun Mikaelyan bildirib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir və bu ideya bir neçə ildir müzakirə olunur:

“Bizim çoxəsrlik düşmənimiz var, düşmənlə əhatələnmişik. Qeyri-nizami orduda azı 100 min nəfər olmalıdır. Çünki hər an, hər dəqiqə gözlənilməyən hücumlar ola bilər, könüllüsüz mümkün deyil. Həmişə hazır olmalıyıq”. “Ermənistanın silahlı qüvvələri yetərli deyilmi” sualını isə hakim fraksiya üzvü belə cavablandırıb: “Türkiyənin son aqressiyası haqda bilirsiz, Türkiyə Azərbaycanla bağlı dəstəyini ifadə edib. Buna görə də bizə əlavə ordu lazımdır”.

Məlumat üçün deyək ki, belə bir birlik - “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. Bu yarımhərbi birlik ötən əsrin 90-cı illərində Ermənistanda faktiki olaraq hərbi çevriliş həyata keçirib və “Qarabağ klanı”nın hakimiyyətə gəlişinə imkan yaradıb.

Bu baxımdan erməni hüquq müdafiəçiləri isə hesab edirlər ki, əlavə silahlı birləşmə Türkiyə və Azərbaycan üçün deyil, əksinə, Ermənistanın özü üçün təhlükə yarada bilər. 

Düşmən ölkənin “könüllü ordu” arzusunu “Şərq”ə şərh edən ehtiyatda olan polkovnik, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Cəlil Xəlilov deyib ki, erməni hökuməti gəncləri orduya cəlb edə bilmir, həddi-buluğa çatmış ermənilər fürsət düşən kimi ölkəni tərk edirlər. Polkovnikin sözlərinə görə, ümumiyyətlə, Ermənistan ordusuna qoşulmaq istəyənlərin sayı çox azdır:

“Valideynlər övladlarını hərbi xidmətə göndərməkdən imtina edirlər. Bilirlər ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Gənclərin boş yerə ölməsini istəməyən ata-analar Ermənistan ordusunu əsgərlə təmin etməkdən boyun qaçırırlar. Hökumətin səfərbərlik çağırışları reaksiyasız qalır, orduda şəxsi heyət çatışmır.

Sirr deyil ki, hərbi qulluqçu çatışmazlığı səbəbindən Ermənistanın sərhədlərinin 50 faizini rus əsgərləri qoruyur. Şübhə yox ki, Ermənistan hökuməti 100 minlik könüllü ordunu heç vaxt toplaya bilməz. Kiçik bir ordunun saxlanmasında, maddi-texniki təminatında çətinlik çəkən İrəvan 100 minlik ordunu hansı pullarla formalaşdıracaq?!”.

C.Xəlilov vurğulayıb ki, buna düşmənin nə maddi, nə də hərbi imkanları kifayət edir:

“Erməni tərəfi bu cür açıqlamalarla panika yaratmaq, psixoloji təsir göstərmək və daxili ictimaiyyəti aldatmaq məqsədi güdür. Bəlkə də xaricdəki erməni lobbisindən maliyyə dəstəyi almaq üçün “könüllü ordu” söhbətini ortaya atırlar. Bunların hamısı illüziyadır.

Əgər İrəvanın imkanı olsaydı, əlindəki mövcud ordunun maddi-texniki təminatını gücləndirər, şəxsi heyətin say tərkibini artırardı.

“Könüllü dəstə” üçün toplayacağı adamları qanuni ordu sıralarına cəlb edərdi. Düşmən ordusundakı acınacaqlı vəziyyət məlumdur. Zərurət halında belə əsgər yığa bilməyən hökumətin təklifinə “könüllü” neçə adam müsbət cavab verəcək?!”.