Təhsildə könüllülük prinsipi yanlışdır

Distant təhsil şagirdə, tələbəyə fayda vermir

Qulu Məhərrəmli: "Könüllü təhsildə dərsə gedən şagird və tələbələrin sayı çox az olacaq"


Sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq. Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq. X-XI siniflər üçün əyani dərsin oktyabrın 1-dən başlanması planlaşdırılır. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər. Bununla yanaşı, oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsi düşünülür. Ancaq şagirdlər situasiyadan asılı olaraq, yəni həftədə 2 və ya 3 dəfə məktəbə gedə biləcəklər.

Ali təhsil ocaqlarında isə sentyabrın 15-dən başlayaraq tədris distant qaydada fəaliyyətini bərpa edəcək. Sadəcə, I kursa qəbul olan tələbələrin oktyabrın 1-də tanışlıq məqsədi ilə universitetə gəlməsi planlaşdırılır. Yoluxma azalarsa, oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər. 

Açıqlanan qərarlarla bağlı “Şərq”ə fikirlərini bölüşən Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib ki, Təhsil Nazirliyi ekstremal vəziyyətə uyğun hərəkət etməyə çalışır. Professorun sözlərinə görə, insan sağlığı önəmlidir, amma təhsil də çox vacibdir:

“Elə etməliyik ki, həm təhsil axsamasın, həm də insanların sağlamlığını qoruya bilək. Fikrimcə, orta məktəblərdə mərhələli tədris düzgün koordinasiya olunur. Amma universitetlərlə bağlı təkcə I kursların dərsə əyani getməsi qaneedici deyil. Digər kurslarda təhsil alan tələbələrin dərslərdə əyani iştirakı vacibdir. Distant təhsil, onlayn dərs heç kimi coşdurmasın, vəcdə gətirməsin.

Distant təhsil şagirdə, tələbəyə fayda vermir. Bu, əlacsızlıqdan tətbiq olunan bir sistemdir. Təhsilin öz qaydası var, dərslər canlı olmalıdır. O baxımdan siniflər, auditoriyalar şagird və tələbələrin üzünə nə qədər tez açılarsa, o qədər yaxşıdır. İndi çarəsiz durumdayıq. Ümumiyyətlə, builki tədris ili zədələnmiş il oldu və heç şübhəsiz, şagirdlərin, tələbələrin biliyində, dünya görüşündə öz mənfi rolunu oynayacaq. Bununla yanaşı, maksimum çalışmaq lazımdır ki, təhlükəsizliyi gözləmək şərti ilə tələbələr əyani təhsil alsınlar”. 

Q.Məhərrəmliyə görə, təhsildə könüllülük prinsipi yanlışdır:

“Təhsil məcburidir. Verilən qərar hamı üçün eyni olmalıdır. Könüllü təhsildə dərsə gedən şagird və tələbələrin sayı çox az olacaq. Yəqin ki, gələcəkdə müəyyən korrektələr ediləcək və şagirdlərimiz təhsildən kənarda qalmayacaq”.