Tramp İrana qarşı sanksiyaları yumşaltmayacaq

Vaşinqton Tehranın əsl məqsədini bilir və molla rejiminə qətiyyən etibar etmir

İran dəfələrlə söz versə də, nüvə enerjisinə malik olmaq istəyindən əl çəkməyib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) İranın mübahisəli iki nüvə obyektində yoxlamalar aparmağa icazə alıb. Qarşılıqlı intensiv məsləhətləşmələrdən sonra İran və MAQATE arasında beynəlxalq agentlik tərəfindən müəyyən edilmiş təhlükəsizlik və təminat tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Vurğulanıb ki, mövcud kontekstdə agentliyin İrana əlavə sualları və başqa nüvə obyektlərinə giriş tələbi yoxdur. Xatırladaq ki, agentliyin baş direktoru Rafael Mariano Qrossi Tehranda səfərdədir. O, iranlı rəsmilərlə görüşlər keçirib. Uzun müddətdir, xarici media sözügedən nüvə obyektlərində şübhəli fəaliyyətin olduğunu iddia edirlər.

Rəsmi Tehranın qərarı Avropa ölkələrini sevindirib. Fransa tərəflər arasındakı razılaşmanı alqışlayıb və bunun doğru addım olduğunu qeyd edib. Siyasi şərhçilərin fikrincə, uzun müddət yoxlamalardan imtina edən İranın nəhayət baxış keçirməyə razılıq verməsi əsasən ölkədaxili iqtisadi problemlərlə bağlıdır. Qərb ölkələrinin uzun illərdir İrana tətbiq etdiyi sanksiyalar cənub qonşumuzun iqtisadiyyatını əməlli-başlı çökdürüb. Tehran “yumşaq” addımlar sayəsində bir qədər nəfəs alacağına ümid bəsləyir. 

İranın qərarını “Şərq”ə təhlil edən politoloq Azər Qasımov deyib ki, Amerikanın keçmiş prezidenti Barak Obama dönəmində ABŞ İranla atom enerjisi istehsalını dayandırmaq qarşılığında müqavilə imzalamışdı, amma Tramp hakimiyyətə gələn kimi ilk iş olaraq bu müqaviləni ləğv etdi. Çünki Tramp hesab edirdi ki, İrana güvənmək olmaz:

“Əslində Tramp haqlı idi və bu qərar doğru qərar idi. İran dəfələrlə söz versə də, nüvə enerjisinə malik olmaq istəyindən əl çəkməyib.

Son dövrlər tətbiq edilən sanksiyalar, virus pandemiyası İran iqtisadiyyatını çökdürüb. İran görüntü xətrinə nüvə obyektlərində yoxlama aparılmasına icazə verir. Bu qərara son dövrlərdə həmin obyektlərdə baş verən texnogen qəzaların artması da səbəb ola bilər.

İran tərəfi qəzaların kənardan müdaxilə ilə olduğunu iddia etdiyi üçün məcburiyyətdən icazə vermiş sayılır. Ancaq Trampın İrana qarşı sanksiyaları yumşaldacağına və tədricən aradan qaldırılacağına inanmıram. Vaşinqton Tehranın əsl məqsədini bilir və molla rejiminə qətiyyən etibar etmir”. 

Analitikin sözlərinə görə, İranın əsl məqsədi nüvə silahına sahib olmaqdır. Lakin bunu deyildiyi kimi İsraildən yox, Türkiyə və ərəb dünyasından qorunmaq üçün əldə etmək istəyir:

“İran regionda Amerika və İsrailin gizli alətidir. ABŞ-ın demokratlar qanadı, eyni zamanda İsrail İrandan öz məqsədləri üçün istifadə edirlər. İran “Hizbullah” terror təşkilatına dəstək verməklə Fələstində İsrailə yeni torpaqlar tutmaqda yardımçı olur.

Yəni Təl-Əviv “Hizbullah”ın hücumlarını bəhanə edərək Fələstinin işğalını genişləndirir.

Həmçinin, Yəməndə Husilərə dəstək verməklə, Birləşmiş Ərəb Əmirliklərini təhdid etməklə Amerikanın ərəb aləmini nəzarətdə saxlamasına və silah satmasına dəstək verir.

Kürdlərə və Əsəd ordusuna yardım göstərməklə Türkiyəyə təhlükə yaradır. İran başa düşür ki, Amerika və İsrail regiondan çəkilən kimi Türkiyə və ərəblərlə üz-üzə qalacaq. Odur ki, atom silahına önəm verir və bunu “düşmənlərindən” qorunmağın tək yolu görür”.