"Vaxt gələcək qədrimiz bilinəcək" - SÖHBƏT

Vidadi Əliyev: "Fəxri adı mənə kinodakı xidmətlərimə görə veriblər, teatr kənarda qalıb"

"Teatr mənə daha doğmadı... Təəssüf ki, yaşla əlaqədar bizi teatrdan çıxardılar. Başqa teatrlarda təqaüd yaşı çatanlara qarşı yenə bir az insaflı davranırlar"


Yaxşı ki, bu insanla həmsöhbət oldum. Özüm üçün kəşf etdim onu. Əsl tapıntı oldu. Çox qızdım özümə - niyə belə dəyərləri vaxtında tanımırıq, tanıtmırıq?! Günümüzün acı reallığı budu; üzdə olanlar, süni populyarlıqları hesabına sərvət qazananlardı və “məşhur”, “tanınmış”, “sevilən”, “ünlü” təriflərinə layiq görülürlər, cəmiyyətimiz tərəfindən. Həqiqi sənətkarlar, sənət fədailəri isə bar verən ağacdılar - başı torpağa dəyən! Xalq artisti Vidadi Əliyevdən gedir söhbət. Danışıq əsnasında mehribancasına, şirin-şirin “nənəm...” deməsi, aramızda doğmalıq hissi yaradırdı. Və Vidadi Əliyev həyatda heç vaxt üz-üzə gəlmədiyim adamdan, illərlə tanıdığım, yaxın qohumuma çevrilmişdi... 



- Vidadi müəllim, ədalətsiz dünyadı... (Görəsən, nəyə işarə etdiyimi duymuşdu? Tərəddüdsüz təsdiqlədi)

- Bəli, düz deyirsiz. Çoxdu ədalətsizlik...

- Biz üzdə olanları tanıyırıq, sadəcə. Azərbaycan Milli Akademik Teatrının aktyorlarını, hansını deyim... Rəhmətlik Amaliya Pənahova, Kamal Xudaverdiyev vardı, Nurəddin Mehdixanlı... Hamısının adını çəkmək mümkün deyil. Sözümün canı var. Təbii ki, böyük sənətkardılar. Amma mən sizinlə müsahibəyə hazırlaşanda bioqrafiyanızla tanış oldum. Siz nələr etməmisinz, Vidadi müəllim?!.

- Bəli... Azərbaycan görməyib necə çalışdığımı... 

- İrəvan Dövlət Teatrında çalışmısınız, nə qədər obrazlar yaratmısınız, nə qədər tamaşaya quruluş vermisiniz. Sayıb qurtarmaq olmaz...

- Elədi, nənəm... Biz İncəsənət İnstitutunu bitirən ili rəhmətlik Tofiq Kazımov 3 nəfəri çağırdı – mən, Ramiz Məlikov, Qasım Qasımov, dedi, İrəvanda Azərbaycan teatrını yenidən bərpa etmək istəyirlər. 1948-ci ildə azərbaycanlılar növbəti dəfə Ermənistandan deportasiya edildikdən sonra Azərbaycan teatrı da qapadılmışdı. O vaxtdan 20 il keçirdi və söhbət vardı ki, teatr yenidən bərpa olunur. Tofiq Kazımov dedi ki, sizi ora göndərmək istəyirəm. Biz də getmək qərarına gəldik, rejissor Nəsir Sadıqzadə də bizimlə getdi. Burdan bizi gül-çiçəklə yola saldılar. Zarafat deyildi, 100 illik tarixi olan bir teatrı bərpa etməyə gedirdik. Amma orda ermənilərin mənfur xisləti üzə çıxdı. Onların niyyəti bu idi ki, Dağlıq Qarabağda olduğu kimi, Bakıda da erməni teatrı olsun. Bu şərt müqabilində İrəvan teatrının açılmasına razılaşmaq istəyirdilər. Amma belə olmadı. Biz fəaliyyətə başladıq. Bizə ikinci dərəcəli aktyor kimi baxırdılar. Düşmən münasibət bəsləyirdilər. Maaşlarımızı vermirdilər, ev, mənzil söz vermişdilər, sözlərinin üstündə durmadılar...

- Elə o vaxt siz ermənilərin düşmən münasibətini hiss edirdiniz?

- Əlbəttə. Hər fürsətdə mane olmağa çalışırdılar. Bir balaca nöqsan, səhv gəzirdilər ki, teatrı bağlamaq üçün əllərində bəhanə olsun.

- Çox əziyyət çəkmisiniz ki...



- Çox çətin idi. Yataqxanada qalırdıq. Quru maaşla dolanırdıq. Vəziyyət elə idi ki, kimə deyə bilərdin mənə 5 manat ver, pulum qurtarıb. Sağın-solun düşmən... Çayxanada əyləşirdik, birdən nəsə bir səs gəlirdi, partlayışa oxşar, gur səs, yarı-zarafat, yarı-gerçək, o saat söz atırdılar: qaçın ara, türklər, gəldi!.. Ermənilər bizə azərbaycanlı demirdi ki, türk deyirdilər həmişə. Teatrı da Türk Teatrı adlandırırdılar. İrəvanda azərbaycanlıların dəfn olunduğu Toxmağan qəbiristanlığı vardı. Bir gün gedirdin ki, 2 qəbri dağıdıblar, ertəsi gün gedirdin ki, 3-5 qəbri dağıdıblar. 

- Yəni, qəbirləri dağıdıb öz ölülərini dəfn edirdilər?

- Hə. Bu şəkildə qədim qəbirlərin izlərini itirirdilər...

- Vidadi müəllim, bilmirəm, bəlkə heç lazım deyildi, o illərdən danışmaq, yadınıza saldım o günləri. Kədərləndiniz...

- Olsun, nənəm... Bunları yaşamışıq. Bilirsən, insanın doğma yurdunda yad kimi yaşaması çox ağırdı, çətindi. Bilirsən ki, bu torpaq sənindi, burda sənin dədən-baban yaşayıb, amma səni gəlmə hesab edirlər. Bu, çox ağır hissdi.

- Elə vəziyyətdə siz işləmisiniz. İşləyə bilmisiniz, yəni...    

- Cavan idik, romantika vardı. Qarşımıza məqsəd qoymuşduq ki, teatr bərpa olunubsa, bağlanmasına imkan verməyəcəyik. 

- Yaradıcılıq məsələlərinə də müdaxilə edirdilər?

- Özümüzünkülər, hə. Bayaq adını çəkdim, Nəsir Sadıqzadə. Yazığı elə günə saldılar ki, getdiyinə peşman oldu. Bu gün kimi gözümün qabağındadı... 

- Kim peşman etdi?

- Teatrın direktoru. Gəlib deyirdi ki, bu rolu niyə filankəsə vermisən, o yox, “bu” oynamalıdı. 

- Kimiydi direktor, adını çəkmək istəmirsiz?

- Niyə çəkmirəm. Əziz Süleymanov idi. Yunis Nurinin nəvəsi (baba Yunis Nuri İrəvan Teatrının yaradıcısı olub - M.R.). 1988-də də məlumdur, Bakıya gəldik. Çətin dövrdə yenə çalışdım. Heç kim teatrın məsuliyyətini üzərinə götürmək istəmirdi. Çünki heç nə yox idi axı. Bina yox, heç bir əmlakımız yox. Teatrın həm bədii rəhbəri, həm də direktoru oldum. Əli Quliyev, Əjdəri dəvət etdim ki, gəlin, birlikdə çalışaq. Teatrı bu dəfə Bakıda bərpa etdik ki, o qədim mədəniyyət ocağı silinib getməsin. Min bir əziyyətlə, zülmlə...

- Əziyyət çəkmək alnınıza yazılıb elə.     

- Olsun, nənəm... Vaxt gələcək qədrimiz bilinəcək.

- Bilindi, Vidadi müəllim. Xalq artisti fəxri adına layiq görüldünüz.

- Bu, həqiqətən görünməmiş hadisə idi. Gözləmirdim, açığı... Amma fəxri adı mənə kinodakı xidmətlərimə görə veriblər. Teatr kənarda qalıb... 

- İstəyərdiniz, “Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə” olsun, hə?

- Bəli. Axı mən teatrda çalışmışam. Amma indi kino keçdi önə. 

- Kinoda da rollarınız var, Vidadi müəllim. Məlumatlara baxdım, xeyli filmdə çəkilmisiniz.

- Orası elədi. İlk rolum 1978-də “Bayquş gələndə” filmində olub. Amma teatr başqadı. Teatr mənə daha doğmadı... Təəssüf ki, yaşla əlaqədar bizi teatrdan çıxardılar. Başqa teatrlarda təqaüd yaşı çatanlara qarşı yenə bir az insaflı davranırlar. Müqavilə bağlayırlar. Müəyyən rollara dəvət edirlər. Bizi isə yerli-dibli - əmrlə çıxardılar. Məni, Elmira İsmayılovanı, Tamilla Abdullayevanı... Halbuki, fiziki imkanlarımız, yaradıcılıq imkanlarımız da vardı hələ. Necə deyərlər, əlimiz-ayağımız tuturdu, özümüz yeriyirdik.  
(Söhbətimizin bu yerində xəttin o biri başında xanım səsi eşidildi). 
Vidadi müəllim:

- Elmira xanımdı, həyat yoldaşım, sözü var. 

- Buyursun. (Elmira xanım İsmayılova da İrəvandakı Azərbaycan Teatrında uzun illər Vidadi müəllimlə birlikdə çalışıb, xalq artistidir – M.R) 
Elmira xanım nəzakətlə umu-küsü etdi:

- Onlar bizi yararsız hesab etdilər. İşdən çıxarılandan sonra düz 5 il Azad Azərbaycan Televiziyasında “5 gəlin” layihəsində çalışmışam. Bəlkə də baxmısınız... Teatr üçün “yararsız” idimsə, 5 il necə işləyə bildim? Bunu demək istəyirdim.

- Allah sizə can sağlığı, uzun ömür versin, Elmira xanım. 
Vidadi müəllim davam etdi. Elmira xanımı nəzərdə tutaraq; 

- Ürəyi doludur... Biz sənətə kor-koranə gəlməmişdik. Sevərək gəlmişdik. Həyatımızı səhnəyə qurban verdik. 21 il evsiz-eşiksiz, cüzi əmək haqqı ilə fəaliyyət göstərdik, təki Azərbaycan teatrı yaşasın. 

- Vidadi müəllim, inciməsəz, soruşum, Elmira xanımla nə zaman evlənmisiniz? Bakıda tanış olmuşdunuz, İrəvanda?

- Elmira xanım İrəvan teatrında çalışırdı. Orda qarşılaşdıq, evləndik. Elmira xanım əslən irəvanlıdı. İrəvan xanının nəslindəndi. İrəvan xanlığına aid fotolar var ha, onların arasında Elmira xanımın nənəsinin də şəkli var. 

- Dediniz, əmək haqqı da verməyiblər bəzən sizə. Necə dolanırdınız bəs?

- Çox çətinliklə. Qazancımız ancaq qastrol tamaşalarından olurdu. Azərbaycanlılar yaşayan kəndlərdə tamaşalar göstərirdik. Övladlarımız kiçik idi. Bir kimsəmiz də yoxuydu, yanında qoyaq, qastrola gedək. Bəzən 6 ay sərasər qastrolda olurduq. Onları da özümüzlə aparırdıq. Yeşiklərin üstündə yatırdılar... Getməliydik, çünki qazancımız ordan çıxırdı. Həm də göstərməliydik ki, teatr qazanc əldə edir. Yoxsa teatrı bağlayardılar. 

- Yerli əhali sizi gərəndə Allah bilir nə qədər sevinirdilər...

- Əlbəttə. Gözəl tamaşalar hazırlayırdıq. Heç nədən, heç kimdən geri qalmırdı tamaşalarımız. 

- Vidadi müəllim, kəndlərdə azərbaycanlıların vəziyyəti ağır idi?

- Bilirsən, nənəm, ermənilər həmişə bic olub. Yerli camaatla – azərbaycanlılarla mehriban davranırdılar. Çünki azərbaycanlılar yaşayan kəndlərin hesabına ölkə ətlə, kartofla təmin edilirdi. Əhali başını aşağı salıb işləyirdi.  Başqa nəyimiz vardı? Bir qəzet, 1 teatr, 1 orta məktəb... 

- Kədərli şeylərdən çox danışdıq. Bir az da şən məsələlərdən danışaq... Ad gününüz yaxınlaşır. Sentyabrın 1-i 75 yaşınız tamam olacaq. Nəvələriniz var...

- Allah saxlasın onları. Bu yaxınlarda nəticə də gözləyirik. Uşaqlar işləyir. Hər şey yaxşıdı. 

- Necə keçirirsiniz ad günlərini? Uşaqlar sizə sürpriz edir?

- Bugünədək yaxşı idi. Sağ olsun, uşaqlar. Həmişə təntənəli keçiriblər ad günlərimi. Bu il pandemiya aman vermədi. 

- Övladlarınız da, maşallah, sizi ötüb keçiblər, populyarlıqda. 

- Bu mənim üçün əlbəttə, qürurdu. 

- Övladlarınızın incəsənət sahəsini seçmələrində yəqin sizin təsiriniz olub.

- Yox, vallah. Mən heç vaxt onların önünə şərt qoymamışam, heç istiqamətləndirməmişəm də ki, sənətə gedin, incəsənətlə məşğul olun. Öz istəkləriylə gəliblər bu sahəyə. İstəsəydim, d eyərdim, aktyor olun. Amma yox, deməmişəm. Nə “işdisə”! gəlin də ocağa çəkdi. Planlaşdırılmamış “sənətçilər ailəsi” olduq. (Qeyd edək ki, ölkədə kifayət qədər tanınan isimlər – "SOY Prodakşn"ın prezidenti Oqtay Əliyev və sənətşünaslıq doktoru Elçin Əlibəyli Vidadi müəllimin övladları, Əməkdar artist Dilarə Əliyeva isə gəlinidir M.R.)

- Vidadi müəllim, övladlarınız, həqiqətən istedadlıdırlar və şübhəsiz, qazandıqları uğurlar da öz bacarıqları, istedadları hesabınadı. Amma istedadı olmayıb nəyinsə, nələrinsə hesabına “şöhrət” qazananlar da var...

- İndi zamanı dəyişib, nənəm... Yaxşı aktyorlar var. Amma bir seriala çəkilirlər, bununla da “məşhurlaşırlar”. Seriallar da hamısı bir-birinə bənzəyir. Bu onu sevir, o bunu sevir. Bu onu aldatdı, o bunu... Primitivdi. Ədəbi material, xammal yoxdu. Güclü tamaşanın, filmin ərsəyə gəlməsi üçün ən əsas güclü mövzu, xammal olmalıdır. Yoxsa ki, belə yüngül mövzularla əsl sənət göstərmək olmaz. Hamısı da tutub bir aktrisadan. Ancaq onu çəkirlər. Sanki başqa aktrisa yoxdu, ölkədə...

- Vidadi müəllim, sizə cansağlığı arzulayırıq. Ömrünüzün sonrakı illəri ürəyiniz istədiyi kimi keçsin, Elmira xanımla, ailənizlə birlikdə.

-Siz də sağ olun. Mən də sizə, kollektivinizə təşəkkür edirəm.