"İnsan gülməlidir, ağlamalıdır, əylənməlidir..."

Qulu Məhərrəmli: "Amma bunların hamısının bir mənası olmalıdır"

Son zamanların ən çox yayılan müasir məsləklərindən biri “viner”likdir.  Sosial  şəbəkələrdə qısa videolarla, müəyyən bir kitləyə xitab edən vaynerlərə maraq xeyli artıb. Hətta bu  axın o həddə çatıb ki, telekanallarımızın birində “Vine  şou ” adlı verilişi yaratmağa  da ehtiyac duyulub. 

 Məlumat üçün qeyd edək ki, vaynerlər  “instagram” və ya “ YouTube”da  müxtəlif mövzulu videolar çəkib, paylaşırlar.  Onların içərisində işlərini peşəkar şəkildə görən, həm gülməli, həm də maarifləndirici videolar hazırlayan  gənclər çoxdur. Əfsuslar olsun ki, onlar da barmaqla sayılacaq qədərdir.
Geri qalanları isə heç  bir məqsəd,  məna verən senari olmadan, utancverici görüntülərlə  baxış sayı toplamaq,  özlərini tanıtmaq üçün hər yola əl atırlar. Onların "Tik-Tok"sayağı videolarında  qeyri-etik ifadələr də, ən pis vərdişlərin təbliği də yer alır.  Ürəyimizə su sərpən məqam isə bütün bunların sosial şəbəkələrdə  baş verməsidir. Heç olmasa, gənclərin bir qismini valideynləri onlardan uzaq tuta bilər. 

Bəs, sosial şəbəkələrdəki paylaşımları ilə  gerçək üzlərini nümayiş etdirən bu insanları uşaqlarımızın, gənc beyinlərimizin görüb tanımağı nə dərəcədə düzgündür? 

  Məsələ ilə bağlı “Sherg.az”a danışan Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli həmin proqramı izləmədiyini bildirərək bunları söyləyib:

“Televiziyaların sosial şəbəkəyə müraciət etməsində qeyri-adi heç nə yoxdur.  O bir məlumat mənbəyidir,  istifadə edilə  bilər.  Çünki orda da başqa  aləm var, cəmiyyətin bir qismi həmin platformalarda fikirlərini ifadə edir.  Bunlar normaldır. Amma hesab edirəm ki, onları  seçəndə  diqqətli olmaq lazımdır. Çünki hadisələrə peşəkar baxışla  özfəaliyyət qeyri-peşəkar  yanaşma   başqadır. Hadisənin mahiyyətini bilmirəm. Ümumi məsələnin quruluşunu  demək istəyirəm ki, televiziyaların komik situasiyaları,  normadan yayınma hallarına yol verən epizodları çəkərkən  diqqətli olmalıdırlar. Əgər sosial şəbəkənin mənzərəsini göstərmək istəyiriksə, orda çox faydalı nüanslar var. Onları   bir maarifçi   yönü ilə tapıb, əyləncə məqamında göstərmək olar”.

“TikTok” sosial şəbəkə platformasına dünyada qoyulan qadağalara da diqqət çəkən professor həmin tərzi təbliğ etməyin yanlış olduğunu vurğulayıb:

“İnsan gülməlidir, əylənməlidir, ağlamalıdır. Amma bunların hamısının bir mənası olmalıdır. Sağlam insan  beynini qidalandıran bir situasiya əks etdirməlidir.  Etik normaların pozulmasına televiziya yol verə bilməz.

Yaxşı ki, son vaxtlar Milli   Televiziya və Radio Şurası belə hallara  kəskin reaksiya verir. Televiziyalar o cür qeyri-peşəkar şəkildə deyil,   hədəfdən yayınmadan   dəbdə  olmalıdırlar.  Hər halda onların auditoriyası böyükdür, məqsədləri fərqlidir. Ona görə də  normativ  məsələləri nəzərə almalıdırlar”.