QHT rəhbərləri ilə GÖRÜŞ: “Problemlərin operativ həlli üçün tədbirlər nəzərdə tutulur”

Prezidentin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib. Cənab Prezidentin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. 

Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin  diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib.  Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H.Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib. 

Keçirilən görüşü “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, ölkəmizdə QHT-lər çoxdur, amma qaçqın və məcburi köçkünlər, şəhid ailələri ilə işləyən QHT-lərin sayı müəyyən qədərdir. Parlament üzvü görüşün məhsuldar keçdiyini qeyd edib:

“Görüş zamanı səsləndirilən fikirlər əhalimizin xeyrinədir. Qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin daha operativ və yüksək səviyyədə həlli üçün tədbirlər nəzərdə tutulur.

Görüşün məqsədi bu sahədə olan çatışmazlıqlarla bağlı QHT-lərin təkliflərini verməsi idi. Dövlətimiz də həmin təklifləri analiz edərək nəticə çıxarıb lazımlı tədbirlərə əl atacaq.

Bu günə qədər görülməyən işlər, hansı işlərin daha tez yerinə yetirilməsi üçün işlər həyata keçiriləcək. Yəqin ki, QHT-lərin bu sahədə fəaliyyəti dövlətin daha ciddi nəzərətində olacaq. Ona görə də çox lazımlı görüş idi”.