Gecə yarısı Atatürk birbaşa stansiyaya, oradan da qatarla cəbhəyə yola düşür



Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, araşdırmaçı Vilayət Quliyev feysbuk profilində Türkiyənin 30 avqust Zəfər bayramı ilə bağlı maraqlı paylaşım edib.
"Sherg.az"in xəbərinə görə paylaşımda belə yazılıb:



"Türkiyənin tarixi qələbəsi - 30 avqust Zəfər bayramı ilə bağlı Səməd Ağaoğlunun bir xatirəsi var: 
"Hücum qərarı verilmişdi. Mustafa Kamal paşa Ankaradan səssiz-səmirsiz ayrılmaq üçün tədbir görürdü. Topçu İhsanın evindəki axşam yeməyi şəhərdə olması təəssüratını yaradacaqdı. Başqa bir tədbirlə bağlı məlumat isə növbəti axşam diplomatik korpus və millət vəkillərinin iştirakı ilə böyük bir rəsmi qəbul keçirəcəyi xəbərini çatdıracaqdı. İhsan bəyin evindəki ziyafət gecəsindən qalan tarixi bir xatirə var. Atam (Əhməd Ağaoğlu) Topçu İhsan bəydən xahiş edir ki, Mustafa Kamal paşadan hücumun nə zaman qələbə ilə başa çatacağını soruşsun. Paşa “Hesab edirəm, on səkkiz-iyirmi günə” - cavabını verir. Gecə yarısından sonra Atatürk birbaşa stansiyaya, oradan da qatarla cəbhəyə yola düşür. Zəfərdən sonra Ankaraya dönəndə Poladlıda onu qarşılayanlar arasında Topçu İhsan bəyi görərkən “Bax, İhsan, - deyir, - böyük hesablarda kiçik xətalar ola bilər. Sənə on səkkiz gün demişdik. Məsələni on beş günə həll etdik”.