"Həyatımı heç vaxt inanmayacağım şəkildə dəyişdim" - Xoşqədəm Hidayətqızı

"Hər şey gəldi-gedərdi, geridə bizə qalan ailədir" 

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə fəal olan, tez-tez paylaşımlar edən tanınmışlardandır. 
Bu gün də izləyicilərini həsrətdə qoymayan aparıcı ailəsi ilə birlikdə şəkillərini paylaşıb. 
“Sherg.az” xəbər verir ki, o fotolara bu sözləri yazıb:

2020-ci il koronavirus həyatımıza daxil olana qədər demə işimə analıq etmişəm, həm də fədakarcasına. Məhz bu aylarda ilk dəfə həftə sonları evdə qaldım, ailəmlə vaxt keçirdim, həyatıma yenidən nəzər saldım, ətrafımdakı insanları, onların davranışlarını görə bildim.  Həyatımı heç vaxt inanmayacağım şəkildə dəyişdim. Yaxşıdır, ya pis, deyə bilmərəm. Amma indi həyat o qədər gözəldir ki, ondan danışmağım belə çətin gəlir“.

X.Hidayətqızı həmçinin bildirib ki, koronavirus ona həyatda sahib olduqlarının dəyərini göstərib:

“Baxın, gördüyünüz  tablo mart ayından bu yana demək olar ki, hər həftə ailəmizdə yaşanır. Hansı ki, işin çoxluğundan bu körpələrin dörd yaşına necə gəldiyini belə unutmuşdum.  Yəni dostlar, həyatımızda hər şey gəldi-gedərdi. Geridə bizə qalan ailədir.  Vətən üçün gözəl, vicdanlı, Allahlı,  təmiz, dürüst övladlar yetişdirmək, özümüzdən  gözəl əsərlər qoymaq biz anaların borcudur.”