Şəkərli qidalar, qızartmalar, çipslər uşaqları "çürüdür"    

Araşdırma göstərir ki, insanın uşaq vaxtından yedikləri onun gələcək həyatını müəyyənləşdirir

 Amerikalı məşhur uşaq xəstəlikləri mütəxəssisi professor Robert Lustigin xəbərdarlığına görə, şəkərli qidaların qəbulu dayandırılmazsa, gizli şəkər xəstəliyi qarşısı alınmaz səviyyəyə yüksələcək. 

Dünya sağlıq sistemi bu yükü qaldıra bilməyəcəyinə görə 2026-cı ildə iflas etmiş olacaq. İngiltərənin Bristol və Bangor Universitetlərində aparılan araşdırmada isə qeyd olunur ki,  gündə 2 ədəd şəkərli qida qəbul etmək daha çox şəkər istəyi oyandırır. Yəni insanın şəkər yedikcə yeməyi gəlir və nəticədə asılılıq yaranır. Qəbul edilən bu maddə qan şəkəri tarazlığını pozur, yol açdığı dəyişikliklər bədənin enerji səviyyəsini və hormonal düzəni alt-üst edir. Bu da damar divarlarının zədələnməsinə və ürək-damar xəstəliklərinə səbəb olur.



"Uşağa şəkər, qızartma, kola, çips, şokalad, xəmir məmulatları verirlər. Sonra mənim qəbuluma gətirirlər. "Bu uşaq niyə xəstələnir və ya bu uşaq niyə kökəlir?" deyə sual verirlər.  Halbuki sual belə qoyulmalıdır : "Bu uşaq niyə "çürüyür"? ".

Bu sözlər isə  Uşaq pediatrı proffessor Osman Müftüoğluna məxsusdur. 

Professorun sözlərinə görə,  şəkərli qidalar, qızartmalar, çipslər, şokaladları yedikcə  uşaq "çürüyür". İmmunitet sistemi çökür, xəstəliklərlə mübarizə apara bilmir:

"Bu cür qidalardan başqa bal, bəhməz, hətta meyvələr belə az yeyilməlidir. Bunlar da şəkərdir. Almanın özü püresindən, püresi şirəsindən daha faydalıdır. Nə qədər bir meyvə və tərəvəzə daha çox müdaxilə etsəniz, o qədər qida dəyərinin itirilməsinə səbəb olursunuz. Meyvə və tərəvəzləri sadə halı ilə qəbul edin".
 Avstraliyanın Adeleide Universitetində 7000 uşaq üzərində araşdırma aparıldığını vurğulayan O. Müftüoğlu deyib ki,  araşdırmada 2 yaşından  əvvəl şəkərli, şokaladlı qidalar qəbul etməyə başlayan uşaqların 8 yaşına çatdıqda zəkalarının sağlam qidalanan uşaqlara nəzərən daha aşağı olduğu aşkar edilib. Araşdırmanın nəticəsinə görə sağlam qidalarla qidalanan uşaqların dərslərində olan fəallığı və aktivliyi daha yüksək, şəkərli qidalar, qazlı içkilər, çipslərlə qidalanan uşaqların fəallığı isə çox zəifdir. Alimlər bu araşdırmadan çıxan ən vacib nəticənin qidaların uşaqlara uzun müddətli təsirinin olduğunu söyləyib. Beləliklə araşdırma göstərir ki, insanın uşaq vaxtından yedikləri onun gələcək həyatını müəyyənləşdirir.