Şoyqu "nağıl" danışdı ! - “Moskva ilə münasibətlərə korrektələr edilməlidir” - AKTUAL 

“Rusiya müdafiə nazirinin cavabı Ermənistana silah daşınmağının üzərindən səthi keçməyimiz üçün idi”

“Hər halda Rusiya tutarlı cavab verməyəcək”

“Türkiyə ilə strateji əməkdaşlığımızı gücləndirməliyik”


“Müxtəlif istiqamətlərdə Rusiyadan Ermənistana yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir”. Bunu mediaya açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
 H.Hacıyev qeyd edib ki, son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir:

“Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.



H.Hacıyevin sözügedən çıxışı barədə “Sherg.az”a fikirlərini bildirən politoloq Elxan Şahinoğlu düşünür ki, münasibətlərdə dəyişiklik olmalıdır: 

“Şoyqu Bakıya gəlib, sadəcə nağıl danışdı. Əgər, həqiqətən, deyildiyi kimi idisə, silahları daşımağın başqa yolu da tapıla bilərdi. Həm də dövlət başçımız məsələnin üzərinə bu qədər ciddi düşməzdi.

Fikrimcə, Şoyqunun bu cavabı, bizim Ermənistana silah daşınmağının üzərindən səthi keçməyimiz üçün idi.

Hər halda Rusiya tutarlı cavab verməyəcək. Biz isə danışıqların faydasız olduğu belə bir məqamda Rusiya ilə münasibətlərimizə korrektələr etməli, Türkiyə ilə strateji əməkdaşlığımızı gücləndirməliyik.

Dövlət başçımızın Rusiya prezidenti Vladimir Putinə zəngi və sərt etirazı da bunun göstəricisidir”.