“Rusiya hökumətinin “nəbzi yoxlanılır”!"  – Putinin devriləcəyi iddia edilir 

Gennadi Qudkov: “Koronavirus və Aleksey Navalninin zəhərlənməsi vəziyyəti mürəkkəbləşdirib”

Həsrət Rüstəmov: “Rusiyada hakimiyyətin dəyişəcəyinə inanmıram. Vəziyyəti dəyişə biləcək alternativ qüvvə yoxdur” 


Rusiya siyasətçisi Gennadi Qudkov “Putin gedir: Rusiyada hakimiyyətin ötürülməsi prosesi artıq başlayıb” sərlövhəli məqalə yazıb. Onun yazısında maraqlı iddialarla çıxış edib. Siyasətçi Rusiyada hakimiyyətin yeniləcəyi qənaətindədir:“İki hadisə Rusiyada vəziyyəti daha aydın və anlaşılan edib: koronavirus və Aleksey Navalninin zəhərlənməsi.

Bəli, məhz bu cinayət hadisəsi tezliklə gələcəyimizin daha yaxşı anlaşılmasının mürəkkəb pazl mozaikasında çatışmayan son parça oldu. Qeyd etmək istəyirəm ki, mən heç vaxt konspirologiyanın pərəstişkarı olmamışam, buna görə təhlilimdə yalnız məntiqə və hamıya məlum olan faktlara əsaslanacağam”. 

 G.Qudkov məqaləsinin sonunda Rusiyanın gələcəyi ilə bağlı bəzi məqamlara da işarə verib:

 “Hakimiyyət zirvələrində baş verənlərə baxmayaraq, mən zərrə qədər də inanmıram ki, "əməliyyat varisi" uğur qazana bilsin. Məsələ heç də yeni rəhbərin soyadında, hətta onun xarizmasında da deyil: köklü siyasi islahatlar aparılmasa, dəyişdiriləbilən və  nəzarətedilən kollektiv idarəçilik sistemi qurulmasa Rusiya məhvə məhkumdur. Qarışıqlıqlar, üsyanlar, inqilablar, vətəndaş müharibəsi, hətta ərazi bölünmələri (altını cızıram) - bizim gələcəyimizin arzuolunmaz mənzərəsi belə ola bilər”.


 
Göstərdiyimiz iddialarla bağlı “Sherg.az” fikrini bildirən ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov Rusiyada hakimiyyətin dəyişəcəyinə inanmır: 

“Məncə, bu məqalə ictimai rəyi yoxlamaq, hətta ola bilsin, ictimai şüuru formalaşdırmaq məqsədilə tirajlanıb. Bəlkə də, hökumətin “nəbzi ölçülür”. Əlbəttə, deyilənlər doğru olarsa, sevinərəm. Amma yaxın gələcəkdə Rusiyada hakimiyyətin dəyişəcəyini gözləmirəm. Birincisi, ona görə ki, idarəçiliyin Putinin varisinə keçmək ehtimalı olduqca böyükdür. Belə məsələlərdə xalqın iradəsi nəzərə alınmır. Həm də vəziyyəti dəyişə biləcək alternativ qüvvə yoxdur”. 

H.Rüstəmov müxalifət nümayəndəsi Aleksey Navalninin zəhərlənməsi barədə də danışıb:

“Bu haqda dəqiq məlumat yoxdur. Səslənən fikirlər birmənalı deyil. Amma konkret məsələdə Rusiya hakimiyyətinin “barmağı olması” inandırıcıdır. İndiyədək Rusiya təhlükəsizlik qüvvələrinin “əl”i ilə törədilən bir neçə cinayətin üstü açılıb. Onlar laboratiyada araşdırıla bilməyən xüsusi kimyəvi maddələrdən, zəhərlərdən istifadə edirlər. Navalni ölkə daxilində ciddi siyasi fiqur olsa da, kütləvi lider kimi qəbul edilmir. Əks halda indi Rusiyanı etiraz dalğaları bürüməli idi”.