“Lavrov Bayramovun iradını ciddi qəbul etdi” - Siyasi rənglər dəyişir

““Lavrov planı”nın Ermənistanda müzakirə predmeti olacağını istisna etmirəm”

“Azərbaycan prinsipiallıq nümayiş etdirərək silah sazişi müqabilində bir neçə rayonun azad olunmasını istəyir”


“Azərbaycan-Rusiya münasibətlərini təhlil edərkən pis-yaxşı formulundan uzaq olmalıyıq”. 
Bu barədə “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Analitik bildirib ki, siyasətdə maraqlar mövcuddur və bu maraqların müzakirəsi üçün diplomatların səylərinə ehtiyac var: 



“Heç nə birbaşa ağ və qara olaraq qəbul edilməməlidir. Çünki siyasi proseslərdə rənglər dəyişkəndir. Tərəflərin baxış bucaqları bəllidir. Bundan sonra Azərbaycan və Rusiyanın bir-birinə təklifləri üzərində iş davam etməlidir.

Rusiya XİN rəhbəri mətbuat qarşısında çıxışı zamanı Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlara cəlb edilməsini yolverilməz sayıb.

Buna baxmayaraq, düşünürəm ki, Lavrov Ceyhun Bayramovun Moskvaya münaqişənin nizamlanmasında yetərli səylər göstərmədikləri ilə bağlı iradını ciddi qəbul etdi. Yaxın həftələr ərzində yenidən “Lavrov planı”nın Ermənistanda müzakirə predmeti olacağını istisna etmirəm.

Azərbaycan bu məsələdə prinsipiallıq nümayiş etdirərək silah sazişi müqabilində bir neçə rayonun azad olunmasını istəyir və hələki vaxtı uzadır.

Görüşdə Ceyhun Bayramov Lavrovun diqqətinə çatdırdı kı, Rusiyanın Tovuz təxribatından sonra bir neçə dəfə təklif etdiyi Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların bərpası o halda mümkündür ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Məlum oldu ki, regiondakı geoiqtisadi münasibətlərdə dəyişikliklər olmayacaq. Eyni zamanda Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatında bizə təklif etdiyi müşahidəçi statusu da, hələ də öz qüvvəsindədir”.