Ermənistan fəlakətin astanasında: “Paşinyan özünə qəbir qazır”

“Azərbaycanla müharibə başlayacağı halda Ermənistanın müdafiə təşkil etmək üçün gücü qalmayıb”

“Baş nazirin qanuna dəyişiklik etməsinin səbəbi orduya çağırış üçün qüvvələrinin olmamasıdır”

“3-4 bölgədə camaat ayağa qalxıb əllərinə silah götürərək hökümətin üzərinə gedəcək”


Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə “hərbi könüllü dəstələr”in yaradılması nəzərdə tutulur. Məlumdur ki, Ermənistan demoqrafik problem yaşayır və ön cəbhəyə çıxarmağa resursu yoxdur. Mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir. Bu baxımdan Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır.

Ermənistan ordusu zəif olduğu üçün də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.

Qanuna dəyişikliyi cəfəngiyyat hesab edən millət vəkili, politoloq Rasim Musabəyov “Sherg.az”a bildirib ki, bu dəyişiklik Ermənistanı daha da fəlakətə aparacaq. Politoloq qeyd edib ki, Ermənistanda kiminsə əlinə silah keçəndə gedib hakimiyyətdə olan qüvvələrin üstünə yeriyirdilər. Buna görə də güllələnmə halları olurdu:

“Əslində Paşinyan “Müdafiə haqqında” qanuna dəyişiklik edəcəksə, deməli, özü üçün qəbir qazır. Ermənistan öz bölgələrində hərbi bölmələr yaradır ki, lazım olanda onlar hakimiyyət mübarizəsinə qoşulsunlar. Paşinyanın qanuna dəyişiklik etməsinin səbəbi orduya çağırış üçün qüvvələrinin olmamasıdır”.

R.Musabəyovun sözlərinə görə, düşmən başa düşür ki, Azərbaycanla müharibə başlayacağı halda Ermənistanın müdafiə təşkil etmək üçün gücü qalmayıb:

“Sabah Azərbaycan Naxçıvandan zərbə endirdiyi halda, onların döyüşə çıxarmağa qüvvələri olmayacaq. Ona görə də, belə işlərə əl atırlar. Düşünmürəm ki, qanuna dəyişiklik uğurlu bir işdir.

Çünki bununla Ermənistan müdafiə qabiliyyətini möhkəmləndirə bilməyəcək. Ancaq siyasi hakimiyyət üçün əlavə problemlər yaradacaq.

Demirəm ki, Ermənistanda birdən-birə hamı üsyan edəcək. Lakin sabahısı gün 3-4 bölgədə camaat ayağa qalxıb əllərinə silah götürərək hökümətin üzərinə gedəcək”.