İdmançıların da immuniteti zəiflədi

Doğrudur, evlərdə məşqlər oldu, amma zaldakı effekti vermədi

"İdmançıların bir çoxu demək olar ki, formalarını itiriblər. Bunun yenidən bərpası hər bir idman növündə fərqlidir"

Keçən ilin sonlarından bütün dünyanı cənginə alan koronavirus pandemiyası həyatımızın bütün sahələrinə öz mənfi təsirini göstərdi. Demək olar ki, hər bir sahədə pandemiyanın mənfi fəsadlarını hiss etdik. Pandemiyanın ciddi şəkildə təsir göstərdiyi sahələrdən biri də idman sahəsi oldu. Vəziyyət kifayət qədər təhlükəli hədd aldığından ümumilikdə dünya üzrə bütün beynəlxalq idman yarışları təxirə salındı. Hətta tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarının vaxtı da ertələndi.

Bütün bu proseslər təbii ki, Azərbaycanda idman sahəsinə öz mənfi təsirini göstərdi. Düzdür, mövcud vəziyyəti nəzərə alaraq bu sahəyə məsul olan dövlət qurumu pandemiya şəraitinə uyğun olaraq müəyyən tədbirlər həyata keçirdi. Hətta zalların bağlı olmasına baxmayaraq, müəyyən müddətdən sonra idmançılara açıq havada məşq edilməsinə icazə verildi. Bəs aylardır ki, idmandan kənar qalan idmançılara bu məşqlər hansı formada təsir etdi?

Sözügedən məsələ ilə bağlı fikirlərini "Şərq"ə bölüşən Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti Fariz Abdullayev bildirib ki, koronavirus pandemiyası idman sahəsinə ciddi şəkildə öz mənfi təsirini göstərdi. O vurğulayıb ki, Bakıda keçirilməsi nəzərdə tutulan mühüm idman yarışları təxirə salındı:

"İdmançılar üçün məşq zalları bağlanıldı, idman qurğularının fəaliyyəti dayandırıldı. Təbii ki, idmançı üçün onlayn məşqdən ağır heç nə ola bilməz. Çünki elə idman növləri var ki, orada sən istəsən də, istəməsən də, mütləq sənin tərəf-müqabilin olmalıdır". 

F.Abdullayev idman zallarının karantin qaydaları səbəbindən bağlı olmasının idmançılarımızın təlim məşq toplantılarının keçirilməsinə də mənfi təsir göstərdiyini diqqətə çatdırıb:

"Şübhəsiz ki, bu da idmançılarımızın pandemiyadan sonrakı idman yarışlarında uğur qazanmasına təsirsiz ötüşməyəcək. Uzun müddət peşəkar məşqdən qalmaq onların immunitetlərinin zəifləməsinə səbəb oldu. Doğrudur, evlərdə məşqlər etdik, amma təbii ki, bu da zaldakı effekti yüz də yüz vermədi. Yəni sağlam həyat tərzindən geri qaldıq.

Çalışırıq ki, idmançılar öz formalarını saxlasınlar. Hazırkı dönəmdə açıq havada uzunmüddətli məşqlər gedir. Çünki karantinin nə vaxt bitəcəyi və yarışların nə zaman başlayacağını bilmədiyimiz üçün məşq proseslərini davam etdiririk. Yaranmış fürsətdən bacardığımız qədər yararlanmağa çalışırıq. İdmançıların bir çoxu demək olar ki, formalarını itiriblər.

Bunun yenidən bərpası hər bir idman növündə fərqlidir. Bizim idman növündə isə cəmi 3 aya bərpa etmək mümkündür. Hazırda əsas məqsədimiz ondan ibarətdir ki, gənclərimizin bu dönəmdə aktivliyini təmin edək. İnanırıq ki, bunun öhdəsindən birlikdə gələcəyik".

"Bir çox ölkələrdə idman bərpa olunub və nəzərə alsaq ki, biz pandemiya mübarizəsində ən öndə gedən ölkələrdən biriyik, düşünürəm ki,  məntiqlə məşq zalları biz də də açılmalıdır. Yəni hər məsələdə öndə olduğumuz kimi bu məsələdə də olmalıyıq.

Belə olmayacağı təqdirdə açıq havada məşqlərimizi davam etdirəcəyik. Bu isə əlavə riskdir. Yəni 10 nəfər məşq edəcəksə, hava şəraitindən dolayı olaraq bundan 3-nün immuniteti düşə bilər.

Bu da bizə lazım olan effekti vermir. Amma zallar açılmasa, evlərdə məşq eləməkdən başqa şansımız qalmayacaq. Ümid edək ki, pandemiyanın öhdəsindən layiqincə gələcəyik və tez bir zamanda məşq zalları bütün idmançılarımızın üzünə açılacaq"- deyə, vitse-prezident əlavə edib.