Gün kimi aydındır ! -Rusiya Ermənistanı savaşa hazırlayır - AKTUAL

Biz də yanımızdakı gücün Türkiyə olduğunu dünyaya bəyan etməliyik



Cənubi Qafqaz nəhəng siyasi iradə mərkəzlərinin maraqlarının kəsişdiyi regiondur və həmin mərkəzlər heç bir halda öz maraqlarından və mənafelərindən imtina etmirlər. Bu amil Cənubi Qafqazın dünyanın “qaynar nöqtə”lərindən birinə çevrilməsində mühüm rol oynayır. Son günlər Türkiyənin televiziya kanalları Bakı-Ankara müttəfiqliyinə və Rusiya-Ermənistan əməkdaşlığına həsr olunmuş maraqlı müzakirələr aparırlar. Məsələn, “Haber Global” telekanalı mövzu ilə bağlı geniş süjet hazırlayıb. Vurğulanıb ki, Ermənistanın son hərbi qarşıdurması regionda yeni situasiya yaradıb. Heç kimə sirr deyil ki, erməni hərbi təxribatlarına cavab olaraq faktiki Azərbaycan-Türkiyə ittifaqı yaranıb.

Yəni Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Bu isə Rusiyanın regional hegemonluğunu şübhə altında qoyur. Proseslər fonunda Rusiyanın Ermənistanı silahla təchiz etməsi Azərbaycan tərəfini narahat etməyə bilməz. Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı zamanı bu mövzuya toxunuldu.

Bu günlərdə Azərbaycana səfər etmiş Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun rəsmi Bakının Ermənistana hər gün silah daşınması ilə bağlı iradlarına verdiyi izahat da qənaətbəxş deyil. Şoyqunun sadəcə, nəzakət xatirinə qəbul edildiyinin açıq-aşkar müşahidə olunması qətiyyən təsadüfi sayılmamalıdır. Onu da qeyd etmək lazımdır ki, sonuncu təmaslarda hər zaman xüsusi vurğulanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığına toxunulmadı.

Rusiya isə Ermənistanı dəstəklədiyini ilk dəfə bu qədər açıq şəkildə göstərir. Məlum olduğu kimi Rusiyadan iyul ayının 17-dən avqust ayının 4-dək Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Avqustun 25-dən etibarən isə hər gün Rusiyaya məxsus İl-76 təyyarəsi Mozdok-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu ilə uçuşlar edərək Ermənistana silah daşımaqda davam edir. “Haber Qlobal”ın yayımladığı reportajda, Rusiyanın Ermənistanı silahlandırmaqla savaşa hazırladığı qeyd olunur. Amma Rusiyanın xarici işlər naziri 26 avqustda brifinqdə bildirmişdi ki, “Rusiya Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərini bundan sonra da davam etdirəcək”. Əslində isə mesaj belə oxunmalıdır: - “Ənənəvi siyasətimizi davam etdirəcəyik!”. Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır. Yəni hansısa danışıqlardan və sülh razılaşmasından söhbət getmir. 



Ehtimalları “Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Rusiya Ermənistanı savaşa hazırladığını gizlətmir. Onun sözlərinə görə, Rusiyadan Ermənistana silah-sursat daşınması müharibə hazırlığının önəmli tərkib hissəsidir:

“Bir dövlət başqa ölkəni durmadan silahlandırırsa, bunun ancaq bir səbəbi var – müharibə. Prezidentin köməkçisi Hikmət Hacıyev açıq şəkildə Ermənistana silah daşınması məsələsinə işarə edərək bildirdi ki, Rusiya rəhbərliyinin izahatları rəsmi Bakını qane etmir. Azərbaycan rəhbərliyi bu məqamdan narahatlığını ortaya qoyur və Moskvadan daha aydın izahat tələb edir. Ermənistanın küçədən gələn rəhbəri Nikol Paşinyan və müdafiə naziri D.Tonoyan Dağlıq Qarabağa gələrək hərbi hissələrə baş çəkiblər. Baş nazir və müdafiə naziri qondarma rejimdə yoxlamalar apararaq, hərbi müşavirə keçiriblər. Bu addımlar düşmənin müharibə hazırlığında olduğunu göstərir”. 

QAT rəhbəri vurğulayıb ki, Türkiyə bundan sonra siyasi və hərbi müstəvidə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edəcək: “Qardaş ölkənin prosesə qoşulmasından sonra obyektiv nəticəyə gəlmək mümkündür. İndiki halda prosesdə Türkiyənin iştirakı vacibdir. Amma görünən odur ki, Rusiya Türkiyənin vasitəçilik missiyasına qarşı çıxır.

Ona görə də müharibədən, daha doğrusu, hərbi təzyiqlərdən başqa çıxış yolumuz qalmır. Türkiyə mediasında gedən müzakirələr göstərir ki, Ankara hökuməti Dağlıq Qarabağ münaqişəsində Rusiya ilə aparılan danışıqlardan ədalətli nəticə gözləmir.

Əgər düşmənin arxasında dayanan güc Ermənistanı müharibəyə hazırlayırsa, biz də hər an müharibəyə hazır olmalıyıq. Əslində Azərbaycan tərəfi müharibəyə tam hazırdır və bizim tam hazırlığımız Türkiyənin dəstəyi sayəsindədir.

Bir müddət əvvəl müdafiə nazirimiz Zakir Həsənov açıqlama verdi ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun hərtərəfli dəstəyi ilə qarşısına qoyduğu məqsədə nail olacaq.

Bu da Azərbaycanın açıq mövqeyidir. Ermənistan gizlətməyə ehtiyac duymadan himayədarı Rusiyaya etibar edirsə, biz də yanımızdakı gücün Türkiyə olduğunu dünyaya elan etməliyik. Qardaş ölkə rəhbərliyi yanımızda olduqlarını dəfələrlə bəyan ediblər. Proseslər müharibəyə doğru getdiyi bir dövrdə Türkiyə ilə hərbi müttəfiqlik zəruridir”.