Nəticə ürəkaçandır !Pandemiya ilə bağlı müsbət dinamika əldə olunub"

Prezident İlham Əliyev dünən koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında Azərbaycanda pandemiya müddətində görülən işlərdən danışıb. Dövlət başçısı vurğulayıb ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb. Bu məqsədlər üçün böyük vəsait ayrılıb, bütün imkanlar səfərbər edilib: “Mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb.

Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər”. Ölkə başçısı qeyd edib ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərib.

Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır: “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib”.

Prezident bəyan edib ki, atılan addımlar bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi”. 




Ölkə başçısının diqqət çəkdiyi məqamları “Şərq”ə dəyərləndirən millət vəkili Anar Məmmədov deyib ki, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı və nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Deputatın sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir:

“Əminliklə deyə bilərik ki, virusla mübarizədə əldə etdiyimiz müsbət dinamika cənab Prezidentin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib.

Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması isə qürurvericidir.

Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay fövqəladə vəziyyət elan edib. Doğrudur, bu, şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir. Digər ölkələrin təcrübəsinə də nəzər salsaq görərik ki, yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir.

Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır”. 

Parlament üzvü vurğulayıb ki, hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir: “O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü COVİD-19-dan sığortalamış hesab edə bilməz.

Xəstəlik sərhədlər tanımır və hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur. Ona görə də dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir”.