Cəmiyyətdə həm aqressiya, həm də depressiya var

"Psixoloji yardım təklif edəcək mərkəzlərə ehtiyac var"

“Koronavirus pandemiyası dünyada milyonlarla insanın psixikasına nəzərəçarpan dərəcədə mənfi təsir göstərib”. Bu sözləri Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.  Baş direktor bildirib ki, koronavirus insanlarda "narahatlıq və qorxu" yaradıb, psixi sağlamlıq xidmətlərinin işinin pozulmasına da təsir edib. ÜST rəhbəri bu vəziyyətə virusun yayılmasına və insanlar arasında qarşılıqlı əlaqənin olmamasına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin səbəb olduğunu qeyd edib.

ÜST-nin hesablamalarına görə, dünyada təxminən bir milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda, çox az sayda insan keyfiyyətli yardım almaq imkanına malikdir. Xüsusilə, aşağı və orta gəlirli ölkələrdə, ruhi və nevroloji xəstəlikləri olan insanların 75 faizindən çoxu müalicə almır.
Həmçinin, ötən həftə Avropa Regional Bürosu dünya əhalisinin pandemiya şəraitində psixi sağlamlıq problemi ilə bağlı yeni təşəbbüsə qoşulmaq qərarına gəlib.

Qeyd edilir ki, COVID-19 pandemiyası şəraitində psixi sağlamlıq proqramının yeni şərtlərə uyğunlaşdırılması xüsusilə vacibdir. İnsanlarda psixoloji çətinliklər yalnız bu kimi infeksiyalar haqqında məlumatın olmaması və qorxu ilə deyil, həm də virusun yayılmasının qarşısını almaq istiqamətində karantin rejiminin və izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yaranır.

Buna görə də sosial izolyasiya şəraitində yaşamaq bir çoxları üçün daha çətin olur, çünki yeni qorxu və narahatlıqlar mövcud həyəcan və stres amillərinə əsaslanır.

Məlumatda deyilir ki, psixi sağlamlıq fərdi və kollektiv əmin-amanlığın ayrılmaz elementi olduğu üçün onu ağır sınaq və qeyri-müəyyənlik dövründə qorumaq və dəstəkləmək, habelə psixi xəstəlikləri olan insanları fasiləsiz və keyfiyyətli qulluqla təmin etmək daha vacibdir. Psixi sağlamlığın qorunması üzrə xidmətlərin çoxdan gözlənilən islahatlarına başlamağın və psixi xəstəliklərin sosial stiqmatizasiyasının aradan qaldırılmasının vaxtı artıq çatıb. 
ÜST rəhbərinin dediklərində əslində, sirli heç nə yoxdur. Karantin qaydalarının insanları necə aqressivləşdirdiyi ictimai nəqliyyatda onsuz da müşahidə edilir. Hər gün işə gedib gələnlər, xüsusilə də ekspres avtobuslarda, bu mənzərənin şahididir.  

Yəni pandemiyanın insanların psixikasına mənfi təsiri şəksizdir. Əsas məsələ, insanları bu durumdan çıxarmaqdır.    
Psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında sərt karantin rejimində bəzi şəxslərin depressiyaya düşməsi və aqressiya nümayiş etdirməsinin gözlənilən olduğunu deyib:  

- Məsələ burasındadır ki, depressiyanın faizi periodik çoxala və azala bilir. Depressiya ilə paralel aqressiya meydana çıxır və əks tərəfdə dayanır. Aqressiya da nisbətdə azalır, yaxud çoxalır. Şərti götürsək, insanların 15 faizi depressiya, digər 15 faizi aqressiya vəziyyətində olursa, yerdə qalan böyük əksəriyyət əsasən normal halda olur.  Nə zaman ki, kütlədə 15 faizlik aqressiya çoxalır, o halda müharibələr başlayır. Amma indi qlobal depressiyadan danışmaq doğru deyil. Çünki qlobal mənada əhalinin təxminən 60-70 faizi depressiv olmalıdır. Bu da mümkün deyil. Sadəcə real olan odur ki, bir insanın depressiyaya düşməsi onu aqressivləşdirə bilər. Yəni depressiyanın faizinin yüksəlməsi bir müddət sonra aqressiyaya çevrilər. Kimsə proseslərə sırf depressiya ilə qarşılıq verirsə, digər şəxsin bunu aqressiya ilə qarşılaması mümkündür. 

Psixoloq qeyd etdi ki, hazırda cəmiyyətdə həm depressiya, həm də aqressiya müşahidə olunur. Bu da pandemiya və pandemiyadan irəli gələn karantin rejimində təbiidir: 

- Ölkəmizdə sərt karantin rejimi bəzi insanları depressiyaya salıb. Onlar evdən çıxmır, özlərinə qapanır və baş verənlərdən qorxurlar. Ancaq xəstəliyi vecinə almayan, bütün günü küçələrdə maskasız gəzən, sosial məsafə saxlamayan insanlar daha çox aqressivləşirlər. Uzun müddət davam edən koronavirus pandemiyası iqtisadi krizis yaratdığı kimi, depressiv böhran da yarada bilər. Amma biz bir şeyi dəqiq başa düşməliyik. İndiki halda bir nəfərdə depressiyaya səbəb olan konkret hansısa amil, digər insana ümumiyyətlə təsir göstərməyə bilər. Başqa üçüncü şəxsdə isə aqressiya yaradar. Deməli, birbaşa depressiya yaradan konkret amil yoxdur.

İnsanların çox müxtəlif səbəblərdən depressiv olması mümkündür. Karantinin yaratdığı stresi sinir sistemimiz necə qəbul edirsə, psixoloji durumumuz necədirsə, hadisələrə reaksiyamız da o cür olur. Burada pandemiya və karantin məsələsi var. 

A.İsazadə bildirdi ki, insanların psixoloq məsləhəti almaları olduqca vacibdir. Pandemiya dövrü və post-pandemiya dövründə insanların psixoloji yardıma daha çox ehtiyacı olacaq. Vətəndaşlara ödənişsiz psixoloji müayinələr, lazım gəldikdə psixoloji yardım təklif edəcək mərkəzlərə ehtiyac var. Psixoloji yardımı sosial şəbəkə üzərindən, onlayn qaydada etmək də mümkündür: 

- Etiraf edim ki, depressiyaya düşənlərin sayı günbəgün çoxalır. Amma şükürlər olsun ki, bu, həlledici formadadır. Bilirsiz, depressiyaya düşən insan heç olmasa nə vaxtsa psixoloqa müraciət edir. Amma indiki durumda aqressivləşmiş adamlar həkimlərə üz tutmurlar. Halbuki, onların aqressiyası ətraflarına da yayılır və bu, çox ciddi təhlükədir. Bu cür adamlar psixoloji gərginlik yaymaqdan savayı, qoruyucu qaydalara əməl etmədiklərinə görə başqa insanlara virus da yoluxdururlar. Yəqin ki, onlara da ancaq fərqli təbliğat metodları ilə təsir göstərmək mümkündür.