Sabiq deputat nazirə TƏŞƏKKÜR ETDİ: “...Doğru qərardır”

“Polis qeyri-etik işlər görürsə, onun sabahısı gün dövlət atributlarımız altında eyni hərəkətləri etməyəcəyini deyə bilmərik"

“Ona görə belə şəxslərin vaxtında hüquq -mühafizə orqanlarından təmizlənməsinin tərəfdarıyam”

Yəqin ki, sosial şəbəkələrdə də Vilayət müəllimə haqq qazandıran çoxsaylı insanlar var”


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən kənarlaşdırılıb. DYP İdarəsinin operatoru Kamran Abbasovun işdən uzaqlaşdırılmasına səbəb ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranış, işlətdiyi nalayiq ifadələr olub. Bu hərəkəti ilə onun “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğu bildirilir.

Sosial şəbəkədə K.Abbasovun öz anasını söyməsi ilə bağlı görüntülər yayılıb. Bu görüntülər istifadəçilərin hiddətinə səbəb olub. Son zamanlar xüsusilə polis işçilərinin davranışları diqqət cəlb edir. Vətəndaşları təhqir edən polis işçilərinə qarşı dərhal ölçü götürülür. Təbii ki, bu hal ictimai rəydə də müsbət qarşılanır.         

Baş verənləri “Sherg.az” dəyərləndirən sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə neqativ hadisəyə dərhal reaksiya verdiyi üçün daxili işlər naziri Vilayət Eyvazova təşəkkürlərini bildirib.
Onun sözlərinə görə, son zamanlarda artıq 2-ci polis əməkdaşıdır ki, hərəkət və ifadələrinə görə çalışdığı orqandan xaric olunur:

“Lakin bilmədiyimiz nə qədər polis əməkdaşlarına da cəzalar verilir. Bu, yaxşı haldır. Dövlət qulluğunda çalışan hər bir şəxs vəzifəsini həyata keçirdiyi anda bunu dövlət adından edir. Təbii ki, onlar başqalarına nümunə olmalıdır. Ona görə polis əməkdaşının etik davranış kodeksinin tələblərini pozduğu üçün işdən xaric olunması düzgün qərardır”. 

Ç.Qənizadə vurğulayıb ki, polis işçisi qeyri-etik və nalayiq ifadələri özündə ehtiva edirsə, deməli psixoloji durumunda problemlər var:

“O, sabah vəzifə borcunu da yerinə yetirərkən qanunsuz hərəkətlərə yol verəcək. Polis və digər hüquq mühafizə orqanı əməkdaşları öz geyimlərində Azərbaycan dövlətinin atributlarını əks etdirirlər. Bayrağımız, gerbimiz onların geyimində var.

Onlar bu atributların altında fəaliyyət göstərirlər. Polis qeyri-etik işlər görürsə, onun sabahısı gün dövlət atributlarımız altında eyni hərəkətləri etməyəcəyini deyə bilmərik.

Ona görə belə şəxslərin vaxtında hüquq -mühafizə orqanlarından təmizlənməsinin tərəfdarıyam. Daxili işlər naziri Vilayət Eyvazov həmin polisi işdən çıxarmaqla doğru qərar verib. Yəqin ki, sosial şəbəkələrdə də Vilayət müəllimə haqq qazandıran çoxsaylı insanlar var”.