Tədbirli idik ! - “Azərbaycan koronavirus sınağından uğurla çıxdı”

Dövlət başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında iştirak edib. Cənab  prezident nitqində bir sıra vacib məsələlərə toxunub. Bildirilib ki, pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün praktiki addımlar atılır. Həmçinin beş milyona yaxın insanın geniş sosial paketlə əhatə olunduğu, dövlət sektorunda, özəl sektorda işləyənlər, işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edildiyi də diqqətə çatdırılıb.
 
 Görülən işlərlə bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev Azərbaycanın koronavirus sınağından uğurla çıxdığı qənaətindədir: 

“Dövlət və icraçı qurum olan Operativ Qərargah situativ addımlar atır. Pozitiv tendensiyaya görə Azərbaycan dünyanın ilk beşliyinə daxil olan ölkələrindəndir. Çünki biz ilk gündən etibarən insan tələfatının qarşısını almaqla yanaşı, iqtisadiyyata, o cümlədən biznesə dəyəcək ziyanın minimum olmasına, vətəndaşların rifahını stabil saxlamağa çalışdıq. Bu gün iqtisadiyyata dəymiş ziyan cəmi üç faizdir.

Hərçənd ki, bu göstərici dünyanın digər ölkələrində qat-qat çoxdur. Hələ may ayında Qazaxıstanda iqtisadiyyata dəymiş ziyan səkkiz faiz idi. Deməli, biz mövcud vəziyyətə uyğun olaraq milli iqtisadiyyatımızın trayektoriyasını dəyişə bildik.

Bu, həyata keçirilən işlər, o cümlədən sosial-iqtisadi layihələr sayəsində mümkün oldu. İndi  post-pandemiya dövrünün iqtisadiyyatına hazırıq. Bu istiqamətdə lazımi işlər görülüb və müvafiq addımlar atılmaqda davam edir”. 

R.Quliyevin sözlərinə görə, statistik göstəricilər səhiyyə sistemimizin dayanıqlılığını da ortaya qoydu: “Koronavirus xəstəliyi ölkəmizdə pandemiya səviyyəsində keçmədi. Bunu statistik göstəricilər sübut edir.

Biz səhiyyə nöqteyi-nəzərindən də tədbirli idik. Modul tipli xəstəxanaların açılışı, həmçinin Türkiyə, Rusiya, Kuba kimi ölkələrdən mütəxəssislərin vətənimizə gətirilməsi dediyim fikrin bariz nümunəsidir.

Bilirsiniz ki, Kubanın iqtisadiyyatı zəif olsa da, bu ölkə səhiyyə cəhətdən çox inkişaf edib. Fikrimcə, koronaviruasla mübarizədə əldə etdiyimiz uğurlar onu deməyə əsas verir ki, biz hətta ikinci dalğa olsa, ondan da minimum zərərlə çıxa biləcəyik”.