İnsanların qəpik-quruş qazanması əngəllənəcək - Taksilərə də "əl" qoyulur 


"Konsepsiya hazırlanır, bəs, ölkədə 40-a yaxın taksi xidməti göstərən hansı sahibkarla müzakirə aparılıb?"

"Yüz minlərlə insan işsiz qalacaq. Taksi xidməti göstərən sahibkarlar rəsmən sıradan çıxarılacaq. Bu, indilikdə görünən bir tendensiyadır. Ölkədə ən vacib vətəndaşa sağlam, rahat bir xidmət göstərən sektor daxili sərnişindaşıma üzrə ixtisaslaşan sahibkarlıq subyektləri formalaşırdı. Təəssüf ki, bu sektora da əl qoydular. Hansısa iri inhisarçılar bu dəfə də dövlətin vətəndaş üzərində sosial qayğısına kölgə salacaq bir addım atdı".

Bu sözləri iqtisadçı-ekspert Razi Abasbəyli “Şərq”ə açıqlamasında deyib. O əlavə edib ki, Azərbaycanda vətəndaşa nağd və ya nağdsız vəsait təklif edən bank xidmətləri ödənişlidir:

"Dövlətin əksər qurumlarında 4 rəqəmli "qaynar xətlər"inə müraciət etmək üçün uzun-uzadı musiqi dinləyərək vətəndaşların balanslarından vəsait çıxılır. Ölkədə rəqabət mühiti yaranıb, taksi şirkətlərinə 7/24 müraciət edəndə "biz sizi təkrar yığırıq" deyib böyük ehtiram göstərirlər. Hətta balansında 1 qəpik qalan vətəndaş belə taksi şirkətinə müraciət edə bilir.

Balansı olmayan, internet paketi olan vətəndaş belə "Bolt", "Uber" kimi böyük şəbəkənin imkanlarından istifadə edə bilirdi. Ayıq sürücü lazım olduqda güvənlə, sosial şəbəkələrdəki iddiaların, "yol polisi ilə əlbirdir " iddialarının əksinə olaraq rəsmi qeydiyyatı olan sürücü gələrək, insanları rahat şəkildə mənzillərinə çatdırırdı. Hər bir vətəndaşın istənilən halda imtina etmək, müraciət etdiyinə görə cərimə olunmamaq, nəqliyyat vasitəsi seçmək kimi hüquqları var idi". 

"İndi isə 2 gün öncə yayılan rəsmi xəbərə diqqət edin: Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.

BNA təşəbbüskardır, nazirlik təşəbbüsü dəstəkləyir, DYP iştirakçıdır. ATU mütəxəssisləri və ekspertləri də bəlli. Bəs, ölkədə 40-a yaxın taksi xidməti göstərən hansı sahibkarla müzakirə aparılıb? Heç bir sahibkarla bu barədə müzakirə aparılmayıb"- deyə, R.Abasbəyli əlavə edib. 

Ekspert rəsmi məlumatın ikinci hissəsinə də diqqət çəkib:

"Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bir sıra çatışmazlıqlar mövcuddur.

Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır. Gəlin bunlara diqqət yetirək. Birincisi, taksi minik avtomobilləri və onların sürücüləri haqqında tələblər təsdiq edilib nə deməkdir?

Hər bir vətəndaş ən son anda belə sifariş etdiyi taksini və ya sürücünü bəyənməsə, imtina edə bilirdi. İkincisi, "tələbat olan ərazilərdə taksi duracaqları" anlayışı Bakı kimi meqapolislər üçün keçərli deyil. Sifarişçi istənilən yerdə, ünvanda ola bilir, dayanacaqda taksi gözləmək anlayışı sovetlər dağılanda dağılıb.

Rəsmi xəbərdə deyirlər ki, qeyri-müəyyən tariflər. Bu məqama geri qayıdacağam. Hələlik qeyri-müəyyən tarif tətbiqi rəqabət bazarında vahid tarif tətbiqindən daha faydalıdır.

Əhalinin müxtəlif sosial təminatlı təbəqələri üçün müxtəlif nəqliyyat vasitələri və tariflər təklif olunur. Seçmək yenə müştərinin, vətəndaşın ixtiyarına buraxılır. Başqa bir məqama diqqət yetirək, "fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması" bu statusun olmaması müəyyən mənada təhlükəsizlik və hüquqi sorumluluq yarada bilər.

Amma bu işin təşkilini hüquq mühafizə orqanları həyata keçirə bilər. Sürücü və vətəndaş arasındakı arzu olunmayan problemlərin həllinə niyə hansısa vahid mərkəz nəzarət etməlidir?

Və nəhayət, qayıdaq əsas məqam - büdcədən yayınma, əlavə dəyər vergisinin tətbiqi və sair. Bunun üçün vahid mərkəz yaratmaq yox, sistemli şəkildə özəl taksi şirkətlərinin sorğu mərkəzləri üzərində sağlam audit sistemi təşkil etmək, vergi ödənişlərinin təşkilini həyata keçirmək çox asandır.

Bu qədər sadə daha minlərlə insanın qəpik-quruş qazanmasını əngəlləmək üçün hansısa "vahid sistem" heç də 8 aydır sərt karantində yaşayan insanlarımızın sosial vəziyyətini düzəltməyəcək".