Putindən Koçaryana ZƏNG

Moskva bununla baş nazirə alternativ təqdim edərək öz mesajını verir

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın hazırda istintaq altında olan eks-prezident Robert Koçaryanla telefonla danışıb. Bu barədə Kremlin rəsmi saytı məlumat verib. Telefon danışığı rəsmi İrəvanda narahatlıqla qarşılanıb.
Ekspertlərə görə, bu addım açıq-aydın Paşinyanın əleyhinədir.

Vurğulanır ki, Rusiyanın indiki hökumətlə münasibətləri heç də göründüyü kimi dostcasına deyil. Bu yaxınlarda Paşinyanın təlimatı ilə Ermənistanda Rusiya telekanallarının yayımdan qaldırılması bunun sübutudur. Bundan əlavə, Koçaryan Paşinyanın ən qatı düşmənlərindəndir.

Baş nazir Koçaryanı mümkün qədər uzun müddətə barmaqlıq arxasına soxmağa çalışır. Kreml başçısının kifayət qədər açıq formada “Qarabağ klanı”nın rəhbərliyi ilə yaxın münasibət qurması Paşinyan hökumətini sabiq prezidentlərə qarşı daha amansız addımlar atmaqdan çəkindirir. Lakin Putinin Koçaryan-Sarkisyan cütlüyü ilə yaxınlığının İrəvan hökumətində ciddi təşviş yaratdığı şübhəsizdir.



Düşmən ölkədəki narahatlığı “Şərq”ə analiz edən siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Nikol Paşinyan rəsmi Moskva üçün heç də arzulanan siyasətçi deyil. Politoloqun sözlərinə görə, Paşinyan Rusiyanın gözləntilərini doğrultmur:

“Ermənistanın baş naziri Moskvanın təlimatı ilə hərəkət etmir. Öz sələflərinə nisbətən daha çox qərbmeyilli siyasət yeritməyə çalışır və əsas dəstəyini Qərbdən alır. Paşinyan məhz Qərbin yardımı ilə Ermənistanda hakimiyyət başına gəlib. Bununla belə “Qarabağ klanı” Rusiya üçün hər zaman alternativ hakimiyyətdir.

Moskva bu klan vasitəsi ilə İrəvanı öz nəzarətində saxlayıb. Putinin Koçaryanla əlaqəsini gizlətməməsinin çox sadə izahı var. Rusiya Paşinyan hökumətinə birbaşa ultimatum verir ki, Kremlin dəstəyi olmasa, regionda Ermənistan adlı dövlət olmaz. Rusiya üçün Ermənistanda əvəzedilməz siyasətçi yoxdur. Amma diplomatik müstəvidə Rusiya üçün Ermənistana nəzarəti əldə saxlamaq vacib amildir. Koçaryan kartından istifadə edilməsinin səbəbi budur. Moskva “Qarabağ klanı”nın əli ilə Ermənistana sözünü daha rahat yeridir və mərkəzi hökumətə nəzarət imkanlarını əlində saxlayır”. 

T.Rzayev vurğulayıb ki, Paşinyan Rusiyanın xarici siyasəti üçün kifayət qədər təhlükəli fiqurdur:

“Baş nazir qərbyönlüdür. O, Moskva tərəfdən hər hansı kiçik “yanlışlıq” gözləyir ki, dərhal üzünü birdəfəlik Qərbə çevirsin. Rusiyanın Azərbaycanla bağlı hansısa müsbət açıqlaması olan kimi Paşinyan hay-küy salır ki, guya, Kreml İrəvandan üz döndərdi, Rusiya Ermənistanın yanında deyil və s. Həm də bu fikirləri erməni ictimaiyyətinə yeritməyə çalışır. Paşinyan erməni cəmiyyətinin beynini anti-rus meyilləri ilə doldurur. Ukrayna və Belarusun vəziyyətini görürük, Rusiyadan uzaqlaşmaq istəyən ölkələr bunu dağıntısız, fəlakətsiz reallaşdıra bilmirlər. Paşinyan öz aqibətini yaxşı bildiyi üçün bunu dolayı yolla etməyə çalışır. Görünür, bu baxımdan Moskva Paşinyanla ehtiyatlı davranır və zaman-zaman “Qarabağ klanı”nı baş nazirə alternativ kimi təqdim edərək öz mesajını verir”.