Nazirin paylaşımı təqdir edildi: “Beynəlxalq təşkilatların diqqətini cəlb edir”

“Xarici işlər naziri hadisələri daim nəzarətdə saxlayır, istənilən məsələyə reaksiya verir”

“Vaxt var idi ki, işğalda olan torpaqlarımızla bağlı müəyyən məsələlərin diqqətdə saxlanılmasını QHT-lərin öhdəsinə buraxmışdılar”

“Amma xarici işlər naziri də bu işdə öndə olmalıdır”


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov işğal altında olan bütün ərazilərimizin azad ediləcəyini bildirib. Nazir bu barədə “Twitter” hesabında yazıb:
“Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qubadlı Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.
Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək, yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!”.



Nazirin açıqlamasını “Sherg.az”a şərh edən “Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, işğalda olan torpaqlarımızla bağlı Xarici İşlər nazirinin sosial şəbəkədə paylaşımı çox yaxşı haldır:

“Xarici işlər naziri hadisələri daim nəzarətdə saxlayır, istənilən məsələyə reaksiya verir. Ballıqaya faciəsinin ildönümi ilə bağlı da Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə işlər görüldü.

Təəssüf ki, hətta cəmiyyətin böyük əksəriyyətin bu hadisədən xəbəri yox idi. Hər məqamdan istifadə edərək torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində atılan addımlar bizim xeyrimizədir.

Vaxt var idi ki, işğalda olan torpaqlarımızla bağlı müəyyən məsələlərin diqqətdə saxlanılmasını QHT-lərin öhdəsinə buraxmışdılar. Amma xarici işlər naziri də bu işdə öndə olmalıdır.

Çünki nazirimiz torpaqlarımızla bağlı məlumat paylaşsa, beynəlxalq təşkilatların diqqətini daha çox cəlb etmək olar. Bu baxımdan Ceyhun Bayramovun səsləndirdiyi fikirlər təqdirəlayiqdir”.