Düşmən silahlandırılır ! – “Rusiyanın qoşunu Ermənistandadır” - AKTUAL

Şimal qonşumuz ya neytral siyasət aparmalı, ya da ATƏT-in həmsədri kimi missiyasını doğru-düzgün yerinə yetirməlidir”

“Onun hazırkı münasibəti həm vasitəçilik funksiyasına, həm də qonşuluq münasibətlərinə ziddir”


“Azərbaycan-Türkiyə münasibətlərinin daha sıx olmasından rahatsız olan Rusiya Ermənistanı müharibəyə hazırlayır”.
Bu fikirlər Türkiyənin “Haber Global” və “TRT WORLD” telekanallarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda yayımladığı reportajda səsləndirilib.

Sujetdə Rusiyanın Ermənistana son 25 gün ərzində 500 tondan çox silah göndərildiyi, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə atəşkəsi pozması və bu fonda Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri, ölkəsinin Ermənistana silah satması barədə iddiaları qəbul etməməsindən söz açılır.

Şoyqunun Rusiyadan Ermənistana “İl-76” təyyarələri vasitəsilə yalnız inşaat materialları daşındığını deməsi türkiyəli müxbirdə şübhələr doğurur.
Digər reportajda isə erməni hərbçilərinin mütəmadi olaraq Azərbaycan kəndlərini aramsız atəşə tutması, dinc əhalinin qorxu, səksəkə içərisində yaşaması və s. əks olunur.



Qardaş ölkənin sözügedən təşəbbüsünü “Sherg.az”a dəyərləndirən millət vəkili Razi Nurullayev bunu normalı hesab etdiyini deyib: 

“Dağlıq Qarabağ münaqişəsi tam həllini tapmayınca bizim üçün təhlükə var. Odur ki, belə bir reportajın yayımlanması təəccüb doğurmur. Rusiya, doğrudan da, Ermənistanı silahlandırır.

Kreml Ermənistanın strateji müttəfiqi olmaqla yanaşı, həm də şimal qonşumuzun qoşunu düşmən ölkədədir. Rusiya prezidentinin Paşinyandan xoşu gəlməyə bilər, amma erməni xalqından incik deyil.

Əksinə, rəsmi Moskva Ermənistana vassalı kimi baxır. Yəni Rusiyanın Ermənistana kömək göstərməsi tam realdır. Təbii, Azərbaycan da sakit dayanmır, layiqli cavab verir.

Həmçinin bizim Türkiyə kimi qardaşımızın olduğunu da unutmamalıyıq. Lakin bütün hallarda Rusiya ya neytral siyasət aparmalı, ya da ATƏT-in həmsədri kimi missiyasını doğru-düzgün yerinə yetirməlidir. Onun hazırkı münasibəti həm vasitəçilik funksiyasına, həm də qonşuluq münasibətlərinə ziddir”.