Hər kəs əmin oldu: “Dövlət siyasətinin mərkəzində insan amili dayanır”

Bu günlərdə dövlət başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün növbəti hospitalın açılışında iştirak edib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, açılan yeni xəstəxanalar COVİD-19 ilə mübarizədə çox önəmli rol oynayır:

“Azərbaycanın müasir səhiyyə infrastrukturunun yaradılması, koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması dövlətin gördüyü işlərin ən bariz nümunəsidir. Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilməsi, səhiyyə sistemində çalışan insanların daim dövlətin qayğısı ilə əhatə olunması,  Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlərin Azərbaycana dəvət edilməsi də olduqca təqdirəlayiqdir”.  

 Görülən işlər barədə “Sherg.az” a danışan millət vəkili Cavid Osmanov söyləyib ki, Azərbaycanda insanların sağlamlığı naminə bütün zəruri addımlar atılıb:

“Bildiyiniz kimi, əvvəl hər biri 200 yerlik 10 xəstəxananın açılması nəzərdə tutuldu. Sonradan isə daha böyük işlər görüldü. Koronavirusdan əziyyət çəkənlər üçün yeni xəstəxanalar istifadəyə verildi. İnfrastukturuna görə fərqlənən “Yeni klinika”, həmçinin FHN nəzdində, regionlarda açılan xəstəxanalar görülən işlərə ən yaxşı nümunədir.

Bundan başqa, 30-dan çox müasir laboratoriya da istifadə verildi. Həmin addım da koronavirusla mübarizədə çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Sumqayıt Kimya Parkı nəzdində  qoruyucu vasitələrin istehsalını həyata keçirən müəssisələr istifadəyə verildi. Bütün bunlar nəticəsində Azərbaycan koronavirusla mübarizədə dünya miqyasında fərqlənən, statistik göstəricilərə görə ilk yerlərdə qərarlaşan ölkələr sırasında yer aldı”. 

 C.Osmanov həmişə olduğu kimi, indi də dövlətin siyasətinin mərkəzində insan amilinin dayandığını xatırladıb:

 “Aztəminatlı ailələrin sosial müdafiəsi də unudulmadı. Həmçinin məşğulluğun artırılması, birdəfəlik yardımların edilməsi, ictimai ödənişli iş yerlərinin açılması, sahibkarlara dövlət dəstəyi və s. kimi sosialyönümlü addımlar da koronavirus sınağından minimum zərərlə çıxmağımıza şərait yaratdı. Azərbaycan həm də regional və qlobal səviyyədə işlər gördü.

Biz 30-a yaxın ölkəyə yardım etdik, Zirvə görüşlərində təmsil olunduq. Bu, həm də ölkə başçısının nüfuzundan, liderlik qabiliyyətindən xəbər verir. Təsadüfi deyil ki, dünya mediası dəfələrlə Azərbaycandan yazdı.

ÜST dövlət başçımıza təşəkkür məktubları ünvanladı. Regionlardan da onlarca məktub gəldi. Beləliklə, hər kəs əmin oldu ki, Azərbaycanda dövlət  siyasətinin mərkəzində insan amili dayanır”.