MESAJ VERİLDİ: "Hazırda müharibə gözləyirik!”

“Bütün tərəflərdə yaşanan olayların təhlili göstərir ki, ümumilikdə tərəflər toqquşmaya doğru gedir”


Rusiyanın“Nezavisimaya qazeta” nəşrində qərəzli yazı dərc olunub. Məqalədə həqiqətə uyğun olmayan məlumatlar qeyd olunub. Guya Azərbaycana 500 nəfərə yaxın suriyalı döyüşçü gətirilib. 

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın yanlış xəbərinə dair sərt bəyənat yayıb. Nazirlikdən bildirilib ki, “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır:

“Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik.

Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır”.

Çox güman ki, yanlış informasiyaların yayılmasında maraqlı olan Ermənistan da vəziyyətin yenidən gərginləşməsi və münaqişənin alovlanması üçün münbit şərait yaratmağa çalışır. Bəs, Rusiyanın belə dezinformasiya yaymasında məqsədi nədir?


Sualımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az” açıqlamasında bildirib ki, bu dezinformasiyalardan sırf təxribat məqsədilə istifadə edirlər. 
Ekspert söyləyib ki, bundan əvvəl də oxşar analoji addımların şahidi olmuşuq:

“Bu dezinformasiyaların hüquqi presedent yaratmaq kimi bir istəyi və məqsədi var. İnformasiyaların çoxlu  tərəfləri mövcuddur. Məqsədlərdən biri mənbə yaratmaq, hansısa tərəfin məhz bu informasiyaya istinad etməklə hərəkətə keçməsini bir növ hüquqiləşdirməkdir.

İddianı ortaya atan Vladimir Muxin adlı jurnalist yazıb ki, Azərbaycan Ermənistana qarşı suriyalı döyüşçülərlə müharibəyə hazırlaşır.

Burada nə mənbə, nə də faktoloji əsas var. Yazıda başqa məsələlərə də diqqət çəkilib. Məsələn, türk qoşunları Naxçıvandadır və Ermənistanı vuracaqlar kimi məlumatlar və.s. var.  

Ə.Əlibəylinin sözlərinə görə, bunların hamısı onu göstərir ki, guya belə informasiyalarla gələcəkdə atılacaq analoji addımların qarşısını alırlar:

“Başqa məqam odur ki, Livandan 500 ailə Dağlıq Qarabağda işğal edilmiş bölgələrə köçürülür. Paralel şəkildə Suriyadan, Fələstindən və ermənilər yaşayan digər bölgələrdən terrorçu qruplaşmalar gətirilib yerləşdirilir. Bütün bunlar Azərbaycanla müharibə başlayacağı təqdirdə mütləq ölkəmizə qarşı istifadə olunacaq”. 

Ekspertin fikrincə, dezinformasiyaların yayılmasında başqa məqsəd odur ki, düşmən atdığı addımlara “don geyindirmək” istəyir. Yəni Azərbaycanın suriyalı hərbçilərdən istifadə etməsi qarşılığında terrorçu qruplaşmaları ölkəsinə gətirdiyini bildirəcək:

“Əsas məqsəd həm də Rusiyanı qıcıqlandırmaq və bu prosesdə Rusiyanın daha dərindən və geniş şəkildə iştirakına zəmin hazırlamaqdır. Proseslər davam etməkdədir. Bütün tərəflərdə yaşanan olayların təhlili göstərir ki, ümumilikdə tərəflər toqquşmaya doğru gedir.

Hazırda müharibə gözləyirik və müharibə ərəfəsində belə sabotajların şahidi olacağıq”.