Operativ Qərargah avtobuslarda gediş-gəlişi nizamlaya bilmədi

Əhalinin ən çox narazılığı sərnişindaşıma ilə bağlıdır

"Metro açılsaydı, sosial məsafənin qorunması daha rahat olardı"


“Aprel ayında Operativ Qərargaha göstərilən yüksək münasibət sonrakı aylarda kifayət qədər aşağı düşüb”. Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Sosioloji Tədqiqatlar Mərkəzinin təşkil etdiyi brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, STM-nin pandemiya ilə bağlı apardığı sorğuların nəticələri ötən dövr ərzində mütəmadi dəyişib: “Vətəndaşlar hakimiyyət institutlarının hər birinə münasibəti bizdən istəyirlər. Həmçinin, cəmiyyətin də istəyi ilə əmək bazarındakı durumun araşdırılması, sosial müavinətlər və s. məsələlərlə əlaqədar tədqiqatları da yaxın zamanlarda ictimaiyyətə təqdim etməyi düşünürük”.



Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən AVCİYA-nın seçki qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı cəmiyyətdə bu gün Operativ Qərargaha göstərilən münasibətin kifayət qədər aşağı olduğunu qeyd edib. O bildirib ki, inamsızlığın mövcud olması bir çox səbəblərlə əlaqəlidir:

"Operativ Qərargah bir müddət əvvəl virusun kəskinləşdiyini, daha çox artdığını bildirdi və əhalidən sanitar-epidemioloji qaydalara riayət etmələrini xahiş etdi. Lakin şəhərə axın edən vətəndaşlarımız bu qaydalara riayət etmədi. Onların çox az hissəsi maska taxdı, demək olar ki, sosial məsafə saxlamadılar. Bütün bu davranışlar təbii ki, inamsızlıqdan qaynaqlandı. Daha bir səbəb isə ictimai nəqliyyatın sıxlığı ilə bağlı oldu. Gəlin bir məsələyə diqqət yetirək.

Çimərliklər açılan zaman Operativ Qərargah orada sosial məsafələrin qorunması ilə bağlı maarifləndirici işlər həyata keçirdi. Lakin ictimai nəqliyyatın sıxlığı ilə bağlı müzakirələr aparılmadı. Başqa narazılıq yaradan səbəb əhali arasında metronun açılmaması idi. Düzdür, Operativ Qərargah bunu qapalı şəraitlə, havalandırma sistemi ilə əlaqələndirdi. Amma xəttə buraxılan əlavə avtobuslarda kifayət qədər sıxlığın şahidi olduq, hətta həmin avtobusların qapıları belə güclə bağlanılırdı. Təbii ki, bu cür problemlər cəmiyyətdə haqlı olaraq aqressiyaya səbəb oldu. Yəni onların dedikləri ilə əməlləri uyğun gəlmədi. Düşünürəm ki, metro açılsaydı, sosial məsafənin qorunması daha rahat olardı. Azərbaycan xalqında konkretlik var. Yəni insanlar gördüklərinə inanırlar, deyilənlərə deyil".
 
Operativ Qərargahın əvvəlki üzvlərinin əhali tərəfindən tanınmamasının da vətəndaşlar arasında ciddi etibarsızlıq yaratdığını diqqətə çatdıran M.Zülfüqarlı vurğulayıb ki, qərargahda əvvəlcədən hakimiyyətin daha sanballı şəxslərinin çıxışı məqsədəuyğun idi:

"Cəmiyyət qarşısına cavan uşaqları buraxmaq düzgün deyildi. Həm səlahiyyəti yüksək olan, həm də təcrübəsi olanlar əhaliyə məlumat versəydi, vətəndaşlar arasında onlara qarşı daha çox etibar olardı. Bu gün ictimaiyyətdə Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə qarşı müsbət fikirlər var.

İnsanlar ona inanırlar. Hesab edirəm ki, bütün bunlar ciddi məsələlərdir. Onlar rəsmi qurumlar tərəfindən nəzərə alınmalı, diqqətdə saxlanılmalıdır".