Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür"

Bu sahədə böyük problemlər var, məktəblilər gözünü döyəcək

"Rəqəmlərdə göstərilir ki, 20 meqabit sürətli internet  var, amma əslində heç 2 meqabit olmur"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən COVID-19 virusu bütün dünyanı təhdid etməkdə və canlar almaqdadır. Məlumdur ki, martın 3-dən etibarən ali və orta ümumtəhsil məktəblərində ənənəvi tədris prosesi müvəqqəti olaraq dayandırıldı. Məktəblilər və tələbələr ilk dəfə kütləvi şəkildə distant təhsili almağa başladılar.
Bildiyimiz kimi, distant təhsil üçün ən vacib iş sürətli və kəsintisiz internetin olmasıdır. Ölkəmizdə internet qiymətlərinin kifayət qədər baha olması, sürətinin isə çox zəifliyi distant təhsil zamanı ciddi problemlər yaratdı. Bəs, növbəti tədris ilində müəllim və tələbələri yenə problemlər gözləmir ki?

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən internet-media eksperti Səbuhi Abbasov bildirib ki, ölkəmizdə artıq son illər internet sürətinin artırılması, bütövlükdə internet şəbəkəsinin peşəkar şəkildə qurulması istiqamətində ciddi işlər həyata keçirilir. Bununla bağlı həm texniki tərəfdən, həm də ümumiləşdirilmiş şəkildə tədbirlər planı həyata keçirilir:

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə əsaslı işlər görüb və bu gün də davam etdirilir. Təkcə Bakıda deyil, həmçinin rayonlarda da optik xətlərin çəkilməsi istiqamətində mühüm tədbirlər planı görülüb.

Ancaq yenə də problemlər qalmaqdadır. Tutaq ki, rəqəmlərdə göstərilir ki, 20 meqabit sürətli internet  var, amma əslində heç 2 meqabit olmur.

Azərbaycanda internetin sürəti həqiqətən də qənaətbəxş deyil. Bildiyimiz kimi, bu il regionlarımızda distant təhsili ilə bağlı ciddi sıxıntılar yaşandı. Xüsusilə ucqar kəndlərdə bu problemlər daha açıq-aydın şəkildə özünü büruzə verdi. Hesab edirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzərdə tutduğu bir neçə illik tədbirlər planı sürətləndirilməli, regionlarda fasiləsiz və sürətli internetin verilməsi təmin olunmalıdır.

Çünki bunun üçün kifayət qədər maddi-texniki baza var. Hesab edirəm ki, yaxın gələcəkdə bu problemlər öz həllini tapacaq".