Koronaya yoluxanlara 3000 dollar veriləcək

Özbəkistan turizmi canlandırmaq üçün ən maraqlı kampaniyaya əl atdı

Dünyanı cənginə alan koronavirus ölkələrin iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərdi. İqtisadi itkilər ən çox ölkələrin turizm sektorunda özünü büruzə verdi.
Pandemiyanın hələ də mövcud olmasına baxmayaraq, artıq bir sıra ölkələr yenidən səfərlərin həyata keçirilməsi üçün mühüm turizm kampaniyalarına başlayıblar.

Məsələn, ABŞ-ın Las Veqas şəhərində bir şirkət turizmi inkişaf etdirmək üçün pulsuz uçuş biletləri təşkil edib. İsveçrə otellərə və səyahətlərə 65 faiz endirim edəcəyini, Cənubi Kipr isə koronavirusa tutulan turistlərin dərman, yaşayış və yemək xərclərini qarşılayacağını bildirib.

Ancaq Özbəkistan turizmin canlandırılması istiqamətində ən maraqlı kampaniyanı həyata keçirən ölkələr sırasında olub. Belə ki, bu ölkə koronavirusa yoluxanlara 3000 dollar verəcəyinə söz verib.